Orduya dəstək adı altında iş adamlarından pul yığılır.
Kiçik sahibkar və gənc ictimai fəal Ədalət Əmirli sahibkarlardan yığılan pulların təyinatı üzrə xərclənməsinə inamadığını bildirdi.
Yevlax rayonunda kiçik sahibkarlıqla məşğul olan Əmirli Ədalət Azərbaycanda sahibkarlıq mühitinin getdikcə pisləşməsindən narahatçılığını bildirir. Müxbirimizin regionlarada sahibkarlığın hansı vəziyyətdə olmasıyla bağlı sualına gənc biznesmen belə cavab vermişdir: “Mərkəzə baxanda regionlarda vəziyyət daha acınacaqlıdır. Əvvəllər sahibkarlar və iş adamları müxtəlif yoxlamalara və kənar müdaxilələrə məruz qalırdılar. Artıq 3 ildən artıqdır ki, bunlardan müxtəlif adlar altında pul yığılır. Bu pulyığma kampaniyası 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarından başladı. Sonralar da bu davam etdirildi. Son dövrlər isə “Orduya dəstək” adı altında pul tələb edirlər. Azərbaycanın ordusuna biz kömək etməyə hər zaman hazırıq. Lakin, bunun şəffaflığına və aidiyyatı üzrə xərclənəcəyinə şübhə edirik”.
Vəziyyətlə bağlı nə kimi addımlar atacaqlarıyla bağlı Ə.Əmirli yalnız bu “pulyığmalar”dan imtina etdiyini söylədi. O, bu cür pulyığmalara qarşı olduğundan daim gərginlikdə fəaliyyət göstərdiyini bildirdi: “Mən əvvəllər də bu cür qeyri-qanuni işlərə, o cümlədən pulyığmalara qarşı çıxmışam. Buna görə də mən daim hədəfdə olmuşam və cəzalandırılmışam, eyni zamanda bu ilin yayında inzibati qaydada həbs edilmişəm”.
Ə.Əmirli sonda bildirdi ki, baş verənlər ölkədə sosial-iqtisadi vəziyyətin pis olmasından xəbər verir: “Vəziyyət olduqca pisdir. Sahibkarlar ölkəni tərk edirlər. Əhali mağazalardan gündəlik tələbatlarını almağa qadir deyil. Danışanları həbsxana gözləyir. Buna görə də insanlar nə edəcəyini bilmir. Halbuki prezident İlham Əliyev bir neçə il bundan əvvəl məşhur “bəlkə bir az yavaşlayaq” ifadəsini işlətmişdi. Məncə iş görmək lazımdır. Çünki, biz geri gedirik. Bir ölkədə ki, orduya dəstək adı altında pul yığılır və o ölkə müharibə vəziyyətindədir, deməli vəziyyət daha pisdir. Mən sentyabr ayında müxalifətin keçirəcəyi mitinqə qatılacam və orda da rüşvətxorluğa və sosial ədalətsizliyə qarşı çıxanlara həmrəylik göstərəcəm”.