Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Hüquq müdafiəçisi “bandotdel”dən tapıldı

Hüquq müdafiəçisi Bəşir Süleymanlı belə demək mümkündürsə, tapılıb. Bəlli olub ki, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayaraq, idarəyə aparıb. B.Süleymanov artıq idarədən çıxıb.
***
Hüquq müdafiəçisi Bəşir Süleymanlı bir neçə saatdır yoxa çıxıb. Ondan heç bir xəbər yoxdur, telefonu söndürülüb.
Onun vəkili vəkili Elçin Sadıqov “Amerikanın səsi”nə bildirib ki, B.Süleymanlını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Vasif adlı qərargah rəisi idarəyə çağırmışdı: “Biz 10 gun əvvəl Yevlax Polis idarəsinə getmişdik. Bir neçə gün əvvəl BMCMİ-nin Vasif adlı qərargah rəisi onu BMCMİ-nə çağırmışdı. Birlikdə getmək istədiyimizi bildirəndə daha ehtiyac olmadığını bildirmişdi”.
Vəkil idarəyə gedib, B.Süleymanlı ilə maraqlanacağını əlavə edib.
Jurnalist Xədicə İsmayıl facebook səhifəsində yazıb ki, B.Süleymanlı və ailəsi son günlərdə dəfələrlə təzyiqə məruz qalıb. Bu gün yoxa çıxmazdan əvvəl xanımına zəng vurub, gəlməyəcəyini deyib, dostlara xəbər verməsini istəyib.
B.Süleymanlının “yoxa çıxması” ilə bağlı başqa bir maraqlı məlumatı dostu və hüquq müdafisəçisi Samir Kazımlı paylaşıb: “5-ci gün Bəşir Süleymanlı ilə Səbail məhkəməsindən gələndə DİN-in yaxınlığında yol polisi arxadan gələrək maşını saxlatdı. Polis Bəşirə dedi ki, saxlatmağın səbəbini o da bilmir, efidən (kameradan) ona maşını saxlatmağı deyiblər. Sonra polis kiməsə zəng etdi. Zəng etdiyi şəxs maşında neçə nəfər olduğunu soruşdu, polis də iki nəfər olduğunu dedi. Sonra polis kənara çəkilib telefonla danışığını davam etdirdi və gəlib Bəşirdən adını, yaşını soruşdu və dedi ki gedə bilərsiniz. Həmin vaxt Bəşirin maşınını ağ Cip izləyirdi. Polis maşını saxlayanda həmin Cip qarşıda dayanmışdı. Bəşir maşını sürəndə həmin Cip yenidən izləməyə başladı. Bu gün Bəşir yoldaşını Gənclik tərəfdə maşından düşürdüb gedəndə yenə arxasınca ağ Cip gedib. Bəşir sonuncu dəfə yoldaşı ilə saat 14:05-də danışıb, deyib başqa işim çıxdı, dostlara zəng elə. Ondan sonra telefona cavab vermir”.
B.Süleymanlı seçkilərin monitorinqini həyata keçirən və müstəqil qiymət verən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktorudur. 2014-cü ildə Süleymanlı iqtisadi cinayətlər ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, vaxtından əvvəl azad olunub.
Hazırda o, Vətəndaş Hüquqları İnstitutuna rəhbərlik edir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir