Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Siyasət Xəbərlər

Bəs Əliyev deyirdi biz müstəqil siyasət yürüdürük

AXCP sədri Əli Kərimli

Azərbaycan hakimiyyəti Rusiyanın qorxusundan Krım platformasına qoşulmadı. Bəs İlham Əliyev deyirdi, biz müstəqil siyasət yürüdürük? Baxmayaraq, Azərbaycan rəsmən Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməyib, Krımı Ukrayna ərazisi sayır, hakimiyyətin cəsarəti çatmadı ki, hamı kimi, gedib sammitdə iştirak etsin, mövqeyini dünyaya açıq bəyan etsin, yeni dostlar qazansın, ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi artırsın.
Krım platforması sammitinin baş tutması isə Ukraynanın çox ciddi diplomatik uğurudur. ABŞ başda olmaqla, Böyük Yeddiliyə, NATO-ya və Avropa Birliyinə üzv olan bütün dövlətlər, üstəlik təşkilat olaraq Avropa Birliyi, NATO, Avropa Şurası kimi çox nüfuzlu beynəlxalq qurumlar Krım platformasının təsisçiləridir. Təsisçilər arasında qardaş Türkiyə də var. Ancaq İlham Əliyev 10 noyabrda olduğu kimi, bu dəfə də Türkiyənin mövqeyini nəzərə almadı. Növbəti dəfə Rusiyanın himayəsinə sığındı.
Krım platforması Ukraynanın ərazi bütövlüyünə dəstəklə yanaşı, praktik olaraq digər dövlətlərin də ərazi bütövlüyünə dəstək platformasıdır. Ona görə də Gürcüstan və Moldava sammitdə ən yüksək səviyyədə təmsil olunur. Baxmayaraq ki, Rusiya hər fürsətdə Krım məsələsinin bitdiyini deyirdi, ancaq bu gün beynəllxalq aləmin Kiyevdə bir araya gələn nüfuzlu təmsilçiləri Krımı Ukrayna ərazisi hesab etdiyini uca səslə bəyan etdi.
Krım platformasında iştirak etməmək Azərbaycan üçün daha bir itirilmiş fürsət oldu. Çox paradoksal, məntiqsiz vəziyyət müşahidə olunmaqdadır. Rusiya rəhbərləri Ermənistanla dostluğu dərinləşdirdikcə, onu müasir silahlarla silahlandırdıqca Azərbaycan rəhbərliyi də daha çox Rusiyapərəst olmağa başlayır.

azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir