Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Dünya Gündəm Siyasət

Kabil hava limanı yaxınlığında “kompleks hücum” nəticəsində bir neçə amerikalı ölüb

Pentaqon bildirir ki, Əfqanıstanda Talibanın nəzarəti ələ keçirməsindən sonra ölkəni tərk etmək istəyən minlərlə insanın toplaşdığı Kabil hava limanı yaxınlığında baş verən “kompleks hücüm” nəticəsində “ABŞ-ın bir neçə hərbi qulluqçusu” öldürülüb.

Cümə axşamı ərazidə iki partlayış baş verib.

Kabildə partlayışların baş verdiyi ərazinin xəritəsi.
Kabildə partlayışların baş verdiyi ərazinin xəritəsi.

Kəşfiyyat mənbəsi Amerikanın Səsinə bildirib ki, partlayış nəticəsində azı dörd amerikalı həyatını itirib.

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, “bir neçə başqa” amerikalı xəsarət alıb. Talibanın sözçüsü bildirib ki, ümumilikdə azı 13 nəfər ölüb, 52 nəfər yaralanıb. O, partlayışları qınayıb.

Con Kirbi daha öncə cümə axşamı Kabil hava limanının Abbi qapısında “amerikalıların və mülki şəxslərin yaralanması ilə nəticələnən partlayışın kompleks hücumun nəticəsi olduğunu” bildirmişdi.

O həmçinin Twitter səhifəsində “Abbi girişi yaxınlığındakı Baron mehmanxanasında və ya onun yaxınlığında daha azı bir partlayışın olduğunu təsdiq edə bilərik” deyə yazıb.

Taliban Əfqanıstanı ələ keçirdikdən sonra son günlərdə minlərlə insan ölkəni tərk etmək üçün hava limanına axın edib.

Talibanın yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə intiharçı bombanın hava limanı yaxınlığında çox sayda insanın olduğu yerdə partladığını təsdiq edib.

Hələ ki, hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Kəşfiyyat mənbələri Amerikanın Səsinə bildirib ki, hava limanının girişinə 200 metr yaxınlıqda yerləşən Baron Hotelində də ikinci partlayış olub. Bununla bağlı əlavə təfərrüatlar verilməyib.

Partlayışdan bir neçə saat öncə Qərb hökumətləri hava limanında terror hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib və ölkədən təxliyə edilmək istəyən və əraziyə toplaşan insanların təhlükəsiz bir yerə getmələrinin lazım olduğunu bildirib.

Prezident Co Bayden son hadisələri müzakirə etmək üçün təhlükəsizlik komandası ilə görüşüb. “O, gün boyu hadisələrlə bağlı məlumatlandırılacaq,” Ağ Ev bildirib.

Partlayışdan öncə ABŞ-ın Kabildəki səfirliyi “ABŞ vətəndaşlarına Kabil aeroportunun ərazisi xaricində təhlükə təhdidləri olduğu üçün ABŞ hökuməti nümayəndəsindən fərdi təlimat alınmadığı təqdirdə aeroporta getmələrini və aeroport girişindən uzaq durmağı tövsiyə edirik. Abbi, Şərq və ya Şimal qapıları qarşısına toplaşan ABŞ vətəndaşları oraları dərhal tərk etməlidirlər” – deyə xəbərdarlıq edib.

Cümə axşamı partlayışda yaralanan insanların bəziləri beynəlxalq QHT tərəfindən idarə olunan və müharibə və mina qurbanlarının müalicəsi üçün nəzərdə tutulan Kabilin Təcili Tibbi Yardım Hospitalına gətirilib. Əfqanıstanın xəbər agentlikləri Twitter-də mülki vətəndaşların yaralıları əl arabaları ilə daşıdıqlarını göstərən şəkilləri paylaşıblar.

Britaniya silahlı qüvvələri naziri Ceyms Heppi BBC radiosuna “Hazırda hücum barədə çox, çox etibarlı bir xəbər var” deyib.

Avstraliyanın Xarici Əlaqələr və Ticarət Nazirliyi də “çox yüksək terror hücumu təhlükəsi”ndən bəhs edib. Belçikanın Baş naziri Aleksandr De Kroo hökumətinin ABŞ və digər mənbələrdən hücum ehtimalı barədə eşitdikdən sonra təxliyə əməliyyatlarını dayandırdığını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü ABŞ-ın Əfqanıstandakı İslam Dövləti qrupunun filialından potensial təhlükə gördüyünü bir daha vurğulayıb.

“Bu səylərin mürəkkəbliyini və təhlükəsini qiymətləndirmək çətindir. Hazırda biz Talibanın nəzarətində olan şəhər və ölkədə, düşmənlə bir mühitdə, həqiqətən də İŞİD-K hücumunun ehtimalı olan bir yerdə fəaliyyət göstəririk. Biz bütün tədbirləri görürük, amma bu çox risklidir” – deyə, Blinken Dövlət Departamentində bildirib.

Amerikanın səsi

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir