“Turan” agentliyinin direktoru Mehman Əliyev ABŞ-da səfərdədir. O, “Amerikanın səsi” radisouna müsahibəsində səfərinin məqsədini belə izah edib: “Gəlmişəm ki, görüşlər keçirim – Konqresdə, Senatda və Dövlət Departamentində – Azərbaycandakı durumla bağlı, medianın vəziyyəti ilə bağlı insanları məlumatlandırım”.
Avqust ayında müxtəlif növ ittihamlarla həbs edilmiş və xarici təzyiqlərin ardınca həbsdən azad edilmiş Əliyev ölkəni tərk edərkən ciddi problemlə üzləşmədiyini bildirir.
“Son 3 ildə ölkədən çıxanda məni ənənəvi şəkildə yoxlayırlar. Mən daxiləm o beş nömrəli siyahıya. Ola bilsin ona beşinci kolon deyirlər. Hər dəfə yoxlayırlar ki, özümlə nə aparıram, nə qədər pul aparıram.”
Ölkədə media durumunun ağır olduğunu qeyd edən Əliyev mütəmadi qaydada media azadlıqlarına məhdudiyyətlər tətbiq edildiyini bildirir.
“Bu proses artıq neçə ildir gedir. Hakimiyyət çalışır ki, bu yolla medianı çərçivəyə salsın, özünü-senzura tətbiqini daha da gücləndirsin,” Əliyev deyir.
Həbsinin onun baxışlarında hansı dəyişikliklərə yol açıb-açmaması haqda sualı cavablandırarkən Turan agentliyinin rəhbəri çox şeyin dəyişmədiyini, əksinə – müstəqil medianın üzləşdiyi problemləri “daha dərindən” dərk etdiyini, “həbsdə olan jurnalist və blogerlərin hansı əziyyətləri çəkdiklərini” daha yaxşı anladığını söyləyir.
“Azadlığın qiymətini, onun uğrunda mübarizənin dəyərini daha yaxşı dərk etməyə başlayırsan,” deyə Mehman Əliyev azad mətbuat uğrunda daha çox səy göstərməyin vacibliyini vurğulayır.