Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Salyanda ölən uşaqların qatili kimdir?

Salyan usaq olDünən gecə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn üçəmlərdən iksinin ölümünə görə ailə üzvləri həkimləri ittiham edir

Səlahiyyətlilər isə məsuliyyəti bir-birinin üzərinə atır

Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, üçəmlərdən sağ qalanı isə Bakıya – Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna gətirilib.

 İnstitutun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev bir günlük körpənin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, körpə bir həftə tez doğulub və ağır vəziyyətdədir: “Körpədə marfofunksional yetişməzlik var. Reanimasiyada yerləşdirilən körpəyə bütün tibbi yardım göstərilir”.

Ölən körpələrin meyitləri də müayinə olunmaq üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Salyan rayon Mərkəzi Xəstəxanası Doğum şöbəsində yeni doğulmuş iki uşağın ölməsi faktı ilə bağlı məsələyə münasibət bildirib. Şöbənin baş həkimi İradə Ağalarova bildirib ki, Mirzabitə Abdullayeva dünən saat 22 radələrində xəstəxanaya daxil olub: “Qadın hamiləliyin 31-ci həftəsində şöbəyə daxil olub və üçdöllü hamiləlik keçirib. Saat 22:15-də 33 santimetr boylu, 1,250 kiloqram ilk oğlan uşağı dünyaya gəlib. Saat 22:20-də boyu 33 santimetr, çəkisi 1,300 kiloqram olan ikinci, saat 22:25-də isə boyu 32 santimetr, çəkisi isə 1,100 kiloqram olan üçüncü oğlan uşağı dünyaya gəlib. Uşaqlar dərhal küveysə yerləşdirilib. Lakin biz uşaqların yaxınlarına bildirdik ki, onların rəngləri gömgöydür, yaşamaq şansları azdır və Bakıya aparmaq lazımdır. Amma onlar aparmaq istəmədi. Saat 01 radələrində uşaqlardan çəkisi 1,3 və 1,1 kiloqram olan ikisi vəfat etdi. Bundan təxminən yarım saat sonra isə elektrik enerjisi kəsilib. Yəni uşaqların ölümünə elektrik enerjisi kəsintisinin səbəb olmasını bildirmək düzgün deyil”.

İ.Ağalarova bildirib ki, xəstəxananın generatoru yalnız doğum otağına elektrik enerjisinə cərəyan ötürür və lazım olanda küveyslər həmin otağa aparılıb elektrik cərəyanına qoşulur.

 

Ailə isə üçəmlərin iksinin ölümünə görə həkimləri ittiham edir. Üçəm dünyaya gətirən Mirzabitə Abdullayevanın anası Şəlalə Abdullayeva uşaqların həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü deyib: “Xəstəxanada işıqlar sönüb, uşaqlar oksigen çatışmazlığından küvezdə ölüb. Biz işıqlar sönəndə dedik ki, generatoru işə salın, amma bunu etmədilər. Səhər saat altıya işləyəndə uşaqların iksinin öldüyünü dedilər. Uşaqlar havasızlıqdan öldü”.

“Azərenerji” ASC-nin Salyan rayon şöbəsindən bildirilib ki, Salyan rayonunda aparılan təmir işləri ilə bağlı elektrik enerjisinin iyunun 21-də gecə saat 1.00-dan-3.00-dək kəsiləcəyi barədə əlaqədar orqanlara qabaqcadan xəbərdarlıq olunub.

Səhiyyə Nazirliyi də Salyanda doğulan üçəmlərdən ikisinin ölümü faktına münasibət bildirib. Doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyi, uşaqların çəkisinin çox az olduğu açıqlanıb. Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara gəlincə, nazirlikdən bunun əsassız olduğu bildirilib.

Salyan rayon Polis Şöbəsindən bildirilib ki, uşaqların ölümü ilə bağlı onların yaxınlarından müraciət daxil olmayıb. İlkin olaraq daxil olmuş telefon məlumatı əsasında addımlar atılıb. Şöbə məsələ ilə bağlı rayon prokurorluğunu məlumatlandırıb və prokurorluğun əməkdaşları körpələrin ölümü ilə bağlı müvafiq araşdırmaya başlayıb.

Artıq ölən körpələrlə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətinin yaydığı məlumatda deyilir:

“İyunun 21-də Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsində yeni doğulmuş üçəm əkizlərdən ikisinin vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılmışdır.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilmiş və saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilmişdir. Gecə saatlarında naməlum səbələrdən körpələrdən 2-si vəfat etmiş və təxminən həmin radələrdə xəstəxananın işıqları sönmüşdür.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir.

Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.

Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcəkdir”. (apa)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir