3 gün öncə “Prezidentin köməkçisi Əli Həsənov deyir ki, bəzi KİV və QHT nümayəndələrinin reketlliyi ilə bağlı nazirlər ona şikayət edirlər” cümləsi ilə başlayan yazı yazmışdım. Həqiqətən, görüşdüyüm iş adamları daim heç kimin tanımadığı qəzet və saytların onlardan cürbəcür bəhanələrlə pul tələb etdiklərini demişdilər. Ancaq bu reketliyin nə qədər kütləvi və biabırçı hal aldığını təsəvvür etmədiyimdən lazımi reaksiya verməmişdim. Bu gün tanımadığım, Sabirabadda yaşayan, Hikmət adlı şəxs yanıma gəlib haqqında yazılmış böhtanla bağlı ona kömək etməyimi istədi. Söhbət zamanı məlum oldu ki, “Gündəlik Bakı” qəzeti guya Hikmətin Səmədağa adlı şəxsə 200 min manat borcu olduğunu və pulun Hikmətin dayısı sahibkar olduğuna görə verildiyini və borcun qaytarmadığını yazıb. Hikmət bildirdi ki, həqiqətən Səmədağanı tanıyır və aralarında xırda biznes əlaqələri olsa da heç vaxt ona borclu olmayıb, dayısı ümumiyyətlə Səmədağa adlı şəxsi tanımır, aralarında da heç bir narazılıq yoxdur və 200 min manat heç bütövlükdə Sabirabad camaatında da yoxdur. Bu qədər də olmaz dedikdə isə zəng edib məni Səmədağa adlı şəxslə calaşdırdı. O da Hikmətin dediklərini təsdiq edib əlavə etdi ki, “Aslan müəllim bu hamısı pul tələsidir”. Bu günə qədər eşitmədiyim “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev adlı şəxsi tapıb eşitdiklərimi ona deyib, yazının necə verildiyini soruşdum. Habil mənə hörməti olduğunu və araşdırıb yarım saata zəng edəcəyini dedi. Bu müddət ərzində Hikmət bu qəzetin Şirvan zonasında 4 nümayəndəsinin olduğunu və sahibkarların başına olmazın oyunlarını açdığını söylədi. Qəzetlə bağlı qısa araşdırma göstərdi ki, bu qəzet Mətbuat Şurasının reket qəzetlər siyahısında 58-ci yerdədir. Siyahı isə daha böyükdür. Söz verdiyi kimi baş redaktor mənə zəng edib yenidən dedi ki, “Aslan müəllim Sizə hörmətim böyükdür və xahişini nəzərə alıb yazını çıxartdım”. Cavabımda bildirdim ki, “mən Sizdən xahiş etmədim və mənə də minnət qoymayın”. Baş redaktorun cavabı isə bu oldu: ”Onda yazını çıxartmıram, nə istəyirsən onu da et”.
Bundan sonrakı “Gündəlik Bakı” və Mətbuat Şurasının reket siyahısında olan digər qəzetlərin araşdırması, bu sahəyə bələd olan şəxslərlə söhbətim onu göstərdi ki, bunların bu cür qanunsuzluğu və cəzasız qalmasının səbəbi onların hər birinin arxasında hüquq mühafizə orqanlarının durmasıdır. Bu tip qəzetlər sadəcə onlar üçün yem yeridir. Əgər belə olmasa jurnalist Seymur Həzini uydurma əsaslarla həbsə atan orqanlar yüzlərlə sahibkarın şikayətlərinə reaksiya verib bunları çoxdan həbsə atmışdı. Keçmiş MTN hadisələrindən sonra da yazmışdım: “hamı bilir ki, MTN baş vermiş qanunsuzluqları təkbaşına etməyib”. Prokurorluq və məhkəmə işçiləri ilə bağlı keçmiş MTN-ə qulluq edən çoxsaylı mətbuat orqanlarının da olmasını göstərmişdim. Bu gün həmin mətbuat orqanları haqqında tədbir görülməməsi onu göstərir ki, keçmiş MTN-çilərin yerinə gələnlər həmin mətbuat orqanlarından yenidən, artıq öz məqsədləri üçün istifadə etməyə başlayacaqlar.
P.S. Bu yazının başağrısı gətirəcəyini söhbət etdiyim şəxslərdən bildim. Ancaq yenə susa bilmədim. Bizlər nə vaxtsa təmizlənməli, əxlaq və qanun qarşısında cavabdehliyimizi anlamalıyıq. Əks təqdirdə hamımız bu qanunsuzluğun və əxlaqsızlığın qurbanı olacağıq. Hamımız!
Yenifakt.info
Müstəqil xəbərlər portalı