Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib.
Məhkəmədə Dünyamin Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamlar əsassızdır. Vəkil sabiq deputat barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Vəkil həmçinin Dünyamin Xəlilovun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı məhkəmənin qərar çıxarmasını istəyib. Dünyamin Xəlilovun digər vəkili Elvin Səlimov da ittihamla razılaşmadıqlarını bildirib.
O, deyib ki, müdafiə etdiyi şəxs istintaq dövründə bildiyi məlumatları, informasiyaları istintaq orqanı ilə bölüşüb: “Bu işdə ən ağır cəza müdafiə etdiyim şəxsə verilib. Yeganə şəxsdir ki, bu iş üzrə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Müvəkkilim Beynəlxalq Bank işi üzrə bildiklərini ibtidai istintaq və məhkəmə istintaqı dövründə arayışlar şəklində məhkəməyə təqdim edib. İttihamda yazıldığı kimi, müdafiə etdiyim şəxsin və digər şəxslərin qeyd edilən milyonları mənimsəməsi, ələ keçirməsi mümkün deyil. Bütün işlərə bank nəzarət edib. Bank elə bir qurumdur ki, oradan kimsə özbaşına bu qədər vəsaiti ala bilməzdi. Məlumdur ki, bu məbləğlə xaricdə layihələrin icrasına yönəldilib. Dünyamin Xəlilova qarşı ittihamlar ibtidai istintaq dövründən qərəzli olub. Onun nöqsansız fəaliyyəti göz qabağındadır. Onun fəaliyyəti, gördüyü işlərlə bağlı sənədlər ibtidai istintaq orqanına da təqdim edilib, cinayət işi materiallarında da yer alır. Məhkəmdə şahid ifadələrini, Beynəlxalq Bankın rəhbər şəxslərini dinlədik. Onlar suallara cavabında xaricdə layihələrin icra edildiyindən, pulların oraya köçürüldüyündən xəbərdar olduqlarını deyirlər. Hətta həmin pulların alınmasında onların da imzaları var. Amma ittiham olunan yeganə şəxs Dünyamin Xəlilovdur. Bu gün Dünyamin Xəlilov mənəvi baxımdan rahatdır. Çünki o və biz bilirik ki, ittihamda qeyd edilən məbləği Dünyamin Xəlilov mənimsəməyib. Çünki bu proseslər bank tərəfindən həyata keçirilib və pullar da həmin layihələrin icrasına yönəldilib”.
Vəkil D.Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmədə digər təqsirləndirilən və ev dustaqlığında olan şəxslər də son sözlə çıxış edib. Onlar barələrində bəraət hökmünün çıxıarılmasını və ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər. Dünyamin Xəlilov isə son söz demək üçün məhkəmədən son vaxt istəyib. Məhkəmə iyulun 24-nə təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı sabiq deputatın 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı Şakir Musayevin 5 il, Ruslan Əsgərovun 4 il, Seffulla Seyfullayevin 7 il 6 ay, Fərhad Əmiraslanovun 7 il, Mənsur Zeynalovun 7 il, Rauf Əliyevin 4 il müddətibə azadlıqdan məhrum edilməsini istəyib. Adıçəkilən şəxslərin adına Beynəlxalq Bankdan sabiq bankir Cahangir Hacıyevin dövründə külli miqdarda pul ayrılıb.
Qeyd edək ki, Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1-ci (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2-ci (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2-ci (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.