ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəkləyib.
ATƏT-in Parlament Assambleyasının sessiyası Minskdə keçirilir. Azərbaycanla bağlı qətnamənin lehinə 31, əleyhinə isə 17 nümayəndə səs verib. 17 nəfər bitərəf qalıb.
Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” bildirilir.
Qətnamədə Azərbaycan hakimiyyəti repressiyaları dayandırmağa, fikir plüralizmini, ifadə və mətbuat azadlığını təmin etməyə çağırılır.