Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Gerçək həyatdan alınmış bir sevgi dastanı əsasında `Səyyarə xanım və Ferens List` romanı yazılmaqdadır

Dünən ədəbi həllinin yeni mərhələsində olan `Səyyarə və Ferens List`  əsəri barədə Radiokafedə ictimai məlumatlandırma və müzakirə keçirilmiş, müəllif Mehriban Vəzir çoxsaylı suallara cavab vermişdir.

Məlum olduğu kimi Azərbaycan, Gürcüstan  və Almaniyanın təşəbbüsü ilə  YUNESKO 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyini qeyd edir. Bu əlamətdar tarixi hadisənin Azərbaycanda da yüksək səviyyədə keçirilməsi və tarixi yaddaşın bərpa edilməsi üçün bəzi işlər görülməkdədir.

Yazıçı Mehriban Vəzirin `Səyyarə xanım və Ferens List` romanı məhz bu tarixi dönəmə təsadüf etmişdir.

Yazılması və nəşri Prezident yanında QHT-lərə dəstək Şurası tətəfindən maliyyələşən bu əsər Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən icra edilir. Layihə çərçivəsində öz bədii həllini tapan bu hadisə məhəbbət əfsanəsi olaraq tarixdən keçmiş, lakin izləri bu günə kimi gəlib çıxmışdır. Rus imperiyası tərəfindən almanların xristianlığın və rus dilinin cənub sərhədlərinə kimi yayılması məqsədi ilə Cənubi Qafqaza köçürülməsi  tarixşünaslarımız tərəfindən müəyyən ölçüdə araşdırılmış, monoqrafiyalar yazılmış, kitablar çap edilmişdir. Lakin bu maraqlı tarix heç zaman bədii təqdimat olaraq ictimaiyyətə çatdırlmamışdır. Proses yalnız rəsmi sənədlər əsasında təqdim edilmiş, insan amili, sosial vəziyyət, şəxslərin hekayələri, yarımçıq talelər diqqətə alınmamışdır.

Çox mühüm bir hadisə, böyük macar bəstəkarı Ferens Listin musiqi maarifçiliyi missiyası ilə Avropa və Rusiyaya səyahətləri çərçivəsində Gəncəbasara – Helenendorfa səfəri də gözdən qaçmış, tarixin qaranlığında qayb olmuşdur. Lakin… doğrudan da əlyazmaları yanmırmış.

Bir təsadüf bu hadisənin üzərindəki sirr pərdəsini qaldırmışdır.

Məlum olmuşdur ki, böyük bəstəkar Helenendora konsert verməyə gəlmiş, Alabaşlı kəndində bir bəyin qonağı olmuş, hətta onun gözəl qızı Səyyarı xanıma aşiq olmuşdur.

Mehriban Vəzir hazırda bu barədə roman yazmaqdadır.

Eləcə də, Azərbaycan insanı almanların yerləşdirildiyi torpaqların Gəncə xanlığının süqutundan sonra Cavad xanın rus imperiyası tərəfindən müsadirə edilmiş otlaqları olduğu barədə məlumatlı deyil. Bu otlaqların Xanlıq adlanması da yalnız tarixin arxivlərində və yaddaşlarda qalır. Cavad xanın torpaqlarında almanlar üçün  Helenendorf adlanan qəsəbənin salınması, sovet dövründə bu qəsəbənin Xanlar, indi də Göygöl adlanması məlumdur. Lakin bu yerin haqq etdiyi ad Xanlıqdır.

Roman eləcə də Səyyarə xanım və Ferens Listin böyek sevgisi fonunda almanların Gəncəbasara yerləşdirilməsi, uzun illər orada məskunlaşmaları, təsərrüfat işləri və mədəni proseslərdəki fəaliyyətləri, yerli əhali ilə ünsiyyətləri və əlaqələrindən, həm də dövrun yasaqları, talelərə və insa həyatlarına vurduğu zərbələrdən bəhs edəcək.

Mehriban Vəzir  `Səyyarə xanım və Ferens List əsəri ilə imperiya siyasətinin insanlara gətirdiyi bəlalardan, taleləri qıran, sevənləri ayıran siyasətlərdən bəhs etmək, eləcə də tarixin qaranlıq nöqtələrini işıqlandırmaq  iddiasındadır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir