Bakının “İnter” klubunda Müşahidə Şurasının iclası keçirilib. Bu barədə “Report”a klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.
Onun sözlərinə görə, toplantıda bütün futbolçuların komandada saxlanılması qərara alınıb. R.Malıyev bildirib ki, bu məqsədlə əksər futbolçularla söhbət aparılıb. Klub rəsmisi hazırda qapıçı Səlahət Ağayevlə müqaviləsi başa çatan Abbas Hüseynovun “İnter”dən ayrılmasının real olmadığını bildirib. Ağayevin real təklif aldığı “Neftçi”də nisbətən çox qazanmasını mümkün sayan icraçı direktor Hüseynova “Qarabağ”da yüksək əmək haqqının veriləcəyinə inanmadığını vurğulayıb: “Təkcə Abbasla söhbət etməmişik. Düzdür, müqaviləsi başa çatıb, amma onun da, “İnter”də qalmasında maraqlıyıq. Real durumu da nəzərə almaq lazımdır. Hazırda Azərbaycanın transfer bazarındakı vəziyyəti bilirik. Heyətimizin 70 faizinin getmə şansı yoxdur. Yəni, futbolçularımızın başqa klublarda daha yüksək əmək haqqı almaları real deyil”.
R.Malıyev “İnter Arena”nın parametrlərə uyğun olmaması səbəbindən, Avropa Liqasındakı ev oyunları üçün “Dalğa Arena”nı sifariş etdiklərini də vurğulayıb.