Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) bugünkü iclasında QHT-lərin fəaliyyəti üçün növbəti maneələr, həmçinin vətəndaşların əmlak hüquqlarının pozulmasının davam etməsi məsələləri müzakirə edilib.
Komitə üzvləri hətta dövlət büdcəsindən maliyyələşən QHT-lərin fəaliyyətinin demək olar ki, iflic vəziyyətində olduğunu vurğulayıblar. QHT-lərə nağd hesablaşmanı qadağan edən “Nağdsız hesablaşma haqqında” qanuna edilən düzəlişlər layihələr üzərində işin dayandırılmasına səbəb olub.
Maliyyə Bazarlarına Nəzarət Palatası qanun çərçivəsindən kənara çıxan nağdlaşma ilə bağlı banklara məhdudlaşdırıcı göstəriş verib. Banklar Palatanın bu göstərişinə əməl edirlər. Bu, dövlət satınalmaları və QHT-lərin qrantlarına dair müqavilələr üzrə alınan vəsatin nağdlaşdırılmasını qadağan edir.
Digər problem kimi xidmət müqavilələrinin müvafiq orqan tərəfindən məcburi ekspertizası göstərilib ki, bu da süründürməçiliyə və işlərin başlanması, hətta reallaşması prosesinin yubadılmasına gətirib çıxarır.
Komitə Bakının Sovetski küçəsində, eləcə də digər yerlərində şəxsi mülkiyyət sahiblərinin hüquqlarının açıq şəkildə pozulması ilə bağlı narahatlığını bildirib.
Əvvəlkitək mülkiyyətçilərlə dövlət arasında şəffaf qarşılıqlı fəaliyyət mexanizminin olmaması qeyd edilib. Bir çox məsələlər dövlət tərəfindən ayrılan şübhəli şəxslərin şifahi qərarları və hərəkətləri əsasında həll olunur.
VCMK bu cür münasibətlərin açıq dialoq və ictimai hesabatlılıq əsasında qurulmasını vacib hesab edir və hakimiyyəti qanunlara və ölkə konstitusiyasına uyğun hərəkət etməyə çağırır.