Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əli İnsanov: Əli İnsanovun səbri tükənən və sınan deyil

Aprelin -7-də Bakının Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 12-si saat 14.30-a təyin edilib.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar verib və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Məhkəmə prosesləri zamanı keçmiş nazir Azərbaycan hakimiyyətini kəskin şəkildə tənqid edib.

Hüquq müdafiə təşkilatları İnsanovu “siyasi məhbus” kimi tanıyır.

Əli İnsanov ikinci ittiham üzrə Qaradağ rayon Məhkəməsinin qərarından da Avropa Məhkəməsinə şikayət edib. Şikayət baxış üçün qəbul edilib.

Bu günki hazırlıq iclası cəmi 6 oturacağı olan zalda keçirilib. Prosesi yalnız 2 jurnalist, 3 şəxs və zərərçəkmiş Anar Məmmədov izləyə bilib. Bu zaman məhkəmə zalında 11 nəfər məhkəmə nəzarətçisi və konvoy var idi.

Dövlət ittihamçısı Fərahim Hüseynli işin məhkəmə baxışına təqdim edilməsini bildirib.

“İbtidai istintaq zamanı prossesual pozuntulara yol verilməyib. Həbs qətimkan tədbiri dəyişdirilmədən iş məhkəmə baxışına verilsin”, o qeyd edib.

Vəkillər Ağaveyis Şahverdi və Toğrul Babayev bildirib ki, iş məhkəmə baxışına verilə bilməz və xitam edilməlidir.

“Əli İnsanov heç bir cinayət törətməyib. O 10 il 10 ay həbsdə qalıb. Həbsinin başa çatmasına 56 gün qalmış şərlənib, ona böhtan atılıb, qanunsuz ittiham irəli sürülüb. Şərləmə əməliyyatı zamanı irəli sürülən sübutlar saxtadır, qanunsuzdur”, vəkil Ağaveyis Şahverdi məhkəmə qarşısında çinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi barədə vəsatət qaldırıb.

Bu zaman Əli İnsanov sədrlik edəndən fikrini bildirmək üçün vaxt istəyib. O üzünü məhkəmə heyətinə tutaraq onları “vahimələndirəcək” heç nə deməyəcəyini bildirib.

Sabiq nazir məhkəmə və məhkəmə zalına gəlmək istəmədiyini, istintaqda ifadə vermədiyini deyib.

“Mənə qarşı irəli sürülən ittiham şər, böhtandır, fakta və məntiqə uyğun deyil. Bu ittihamları rədd edirəm”, deyərək Məhəmməd Hadidən bir beyt misal çəkmək istəyib, “qana susayanlar”, “səfalar içində olan qanun”, – dedikdə, hakim və dövlət ittihamçısı dərhal onun sözünü kəsib.

Vəkil Toğrul Babayev hakimdən İnsanovun fikrini davam etdirlməsinə imkan yaratmasını istəyir.

“Dövlət ittihamçısı niyə narahatdır? Əli İnsanov 10 il 10 aya həbsdə qaldığı dövrdə hər hansı qaydanı pozmayıb. Burada narkoman yox, alademik danışır.

O SSRİ dövründə elmlər doktoru olub, Ümumdünya Səhiyyə Təşkilatında mühüm vəzifə tutub. Mən indiki haklimiyyət dövründə tutduğu vəzifələri və titullarını bir tərəfə qoyuram.

Əli İnsanov1 il 6 ay keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təkadamlıq kamerasında saxlanılıb, Bayıl həbsxanasının “ölüm korpusu” deyilən 5-ci korpusunda ağır şəraitdə, havanın temperaturu 40 dərəcədən çox olduğu zamanlarda yenə rejim qaydalarını pozmayıb, istilik sistemi olmayan 13 saylı Cəzaçəkmə Müəssisəində şaxtalı havada 127 nəfərlə birgə barakda yatıb, xəstə olub yenə qaydaları pozmayıb. Ona hər hansı güzəşt olmayıb”, vəkil bildirib.

Bu zaman, hakim Əli İnsanova narahatedici ifadələr işlətəməyəcəyinə söz verdiyini xatırladıb.

Əli İnsanov hakimə deyib ki, onun itirəcəyi heç nəyi yoxdur.

“Bunu özümə qarşı siyasi repressiya hesab edirəm. Bu, 2005-ci ildəki həbsimin davamıdır. O zaman ilk olaraq dövlət çevrilişi ittihamı irəli sürdülər, ittiham məhv oldu. Sonra, iqtisadi ittiham irəli sürdülər, Səhiyyə Nazirliyində 1 il 6 ay yoxlama apardılar, gördülər dövlət büdcəsindən bir qəpik belə xərclənməyib. Komissiyanın bir çox üzvləri yoxlama aktını imzalamadı, bəziləri isə xüsusi rəylə imzaladı. Bununla bağlı Azərbaycanda 100 məhkəmə iclası keçirıldi, sübuta yetrilmədi. Amma, Azərbaycanda 100 məhkəmənin birini belə uda bilmədik. Yalnız bir məhkəmədə udduq, o da Avropa İnsan Hüquqları Məhkəməsidir. Bu məhkəmənin qərarını isə yerinə yetirmirlər. Avropa Məhkəməsinin mənə verilən işgəncə ilə bağlı qərarı da icra edilmir. İkinci həbsim barədə qərarda isə fakt, sübut və məntiq yoxdur. Mən 127 məhbusla eyni barakda saxlanmışam. Guya, hansısa saxlanc yerindən psixitrop tərkibli dərman tapıblar. Saxlanc yerinin mənə dəxli var? O dərman tapılan zaman vəkilim yanımda olub. Nə məndən, nə də vəkilimdən heç nə soruşmayıblar. Vəkilim gedəndən sonra məni dəvət ediblər ki, protokola qol çək və mən qol çəkməmişəm. Əhatəmdə 15 adam var idi. Guya, mən 15 adamın əhatəsində protokolu cırmışam Penitensiar Xidmətin əməkdaşına güc tətbiq etmişəm. Üzümə duranlaerdan biri artıe rəis olub, birini azadlığa buraxıblar. O birilərinə də yəqinki, nə isə güzəştlər olacaq. Yaşımı nəzərə alın və necə ola bilər ki, məndən dəfələrlə fiziki cəhətdən güclü əməkdaşa 15 nəfərin içərisində güc tətbiq etmişəm. Hamı bilir, cəzaçəkmə müəssisəsində hər həftə “şmon” (axtarış-red) edirlər. Müəssisənin əməkddaşına nəinki fiziki güc göstərənin, hətta söz deyənin qabırğlarını qıraralar. Bir də necə oldu ki, şmon zamanı heç nə tapılmadı, ancaq nə vaxtsa, hansısa saxlama yerindən tapılan dərman mənə aid oldu. O dərman qutusunu cəzaçəkmə müəssisəsinin həkimi cibində gəzdiridi və oprada məhbuslara verilən multivitaminlər var idi”, o qeyd edib.

İnsanov həmçinin ona qarşı hazırlanan işdən qabaqcadan məlumatlı olduğunu deyib.

“Üç variant var idi. Birinci variantda, cəzaçəkmə müəssisəsinə bir nəfər yolladılar. O mənimlə dalaşmalı və cinayət işi qaldırılmalı idi. Həmin şəxsi mən müalicə edib sağaltdım, dost olduq və mənimlə dava etməkdən imtina etdi. Sonra, istəyirdilər ki, guya mən qanunsuz müalicə ilə məşğul olmuşam və  bundan zərərçəkənlər olub. Zərəçəkən də tapa bilmədilər. Nəhayət bu üsulla mənə qarşı ittiham irəli sürdülər”, o qeyd edib.

Sabiq nazir və vəkilləri axtarış protokolunun, aktın və məhkəmə ekspertizasının rəyinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verib.

“Mənim zərəçəkmiş kimi tanınmış şəxsə barmağım belə toxunmayıb. İstintaqda ifadə verməmişəm, onunla üzləşmə protokolu tərtib edilib. Cəzaçəkmə rəhbərinin otağında 15 nəfərin əhatəsində heç kimə əlim dəymədiyi halda məni çox pis vəziyyətdə karserə (cərimə kamersına) saldılar. Ora 100 il qabaq qurulub, üfunət, rütubət, natəmiz, çox çirkli bir yerdir.  İnsanın oturmaq imkanı belə yoxdur. Karserdən çıxanda paltarlarım çox çirkli və mikroblu olduğundan zibilə atdım, yeni paltarlar geyindim. Yeni geyindiyim paltarları ekspertiza ediblər, guya oradan izlər tapıblar”, keçmiş nazir bildirib.

Hakim vəsatətlərin heç birini təmin etməyib.

Hakim və prokuror tez-tez Əli İnsanovun sözünü kəssə də bir sıra mesajlar ünvanla bilib.

“Mən qan düşmənlərimi çox yaxşı tanıyıram. Bunun hamısı bir çayın kənarında oturub çayın axıb qurtarmasını gözləyən xəyalpərəstin işidir. Düşmənlərim elə düşünürlər, uzun müddət həbsdə saxlamaqla mən sınacaq, səbrim tükənəcək. Mənim səbrim tükənən deyil. Xəyalpərəstlərə deyin ki, istəyirsiniz 100 il həbs verin Əli İnsanovun səbri tükənən və sınan deyil. Bu xəyalpərəstlər həbsim bitməmiş təkrar həbs verirlər. Həbsdə olana həbs verərlər xəyalpərəstlər?” sabiq nazir deyib.

O məhkəmənin ədalətsiz olacağına da işarə edib.

“İstəyirsən dünyanın ən məşhur natiqləri Siseronu və Demosfeni Azərbaycan məhkəməsinə gətir, mənası olmayacaq, qalib gələ bilməzsən”, İnsanov qeyd edib.

Sonda hakim müşavirə otağında plarkən İnsanov üzünü jurnalistələrə tutaraq deyib:

“Vaxtı ilə Avropanın kralları, hökmdarları müqəddəs Yelena adasının qayalıqlarından qorxurdu. Çünki bilirdilər ki, o qayalıqların arasında Napaleon yatır. Bunlar da Kürdəxanının (1 saylı Bakı İstintaq Təcridxanası-red) hasarlarından qorxur. Çünki bilirlər ki, orada kimlər yatır”, İnsanov qeyd edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir