Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Təhlükə bu sakinlərin başının üstə “asılıb”…

İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə insanların əlaqə yaratmaq problemləri demək olar ki yoxdu. Amma bunu deyəsən Biləsuvar rayonuna aid edə bilməyəcəyik. Rayonun kommunikasiya xəttlərinin bərbad vəziyyəti Biləsuvarı hələ də ötən əsrin 90-cı illərində qoyub. Rayon sanki inkişaf etmir, əksinə geriləmə var.

Rayon sakinlərinin şikayətlərindən sonra musavat.com –un əməkdaşı məsələni yerində araşdırıb. Müşahidələrimiz sakinlərin haqlı olduqlarını bir daha ortaya çıxarıb. Təsəvvür edin, rayonun hətta mərkəzi küçələrində yüksək gərginlikli elektrik naqillərinin altından telefon xəttləri çəkilib. Sakinlərin bildirdiyinə görə, 1990-cı ildə çəkilən bu xəttlər bir daha yenilənməyib. Qaydalara görə isə, telefon və elektrik xəttlərinin dirəkləri bir-birindən ayrı planlaşdırma ilə çəkilməlidir amma Biləsuvar rayonunda bunları sadəcə elektrik dirəkləri əvəzləyib. Hətta bəzi küçələrdə telefon xəttlərinin dirəkləri olmadığından məftillər söyüd ağaclarına bağlanıb. Bu isə hər an təhlükə deməkdir. Bundan narahat olan əhali isə nəinki danışmaqdan, hətta ad-soyadlarını verməkdən çəkinirlər:
“Ad-soyad versək telefon və elektrik kəsilə bilər ”

Sakinlər onu da dedilər ki, evlərində telefonlara cavab verməyə belə qorxurlar. Onsuz da telefonlar normal işləmir, qonşunun qohumuna zəng edə bilməyəcəyi qədər biyabırçı vəziyyət yaranıb. Bu, rayonun internetlə təminatını da iflic duruma salıb. Evlərdə internet normal işləmir. Uzun təkidlərimizdən sonra Biləsuvar rayonunun Azadlıq, Puşkin, Səməd Vurğun küçələrinin sakinləri -Vidadi Rzayev, Bəsirə Səlimova, Ataxan Verdiyevlə söhbət edə bildik.

Rayon sakini Vidadi Rzayev : “Bala yaxşı ki sizi gördük. Illərdir dərdimizi deyəcək kimsə tapmırıq. Hansı qapını döyəcəyimizi bilmirik”
Başqa bir rayon sakini Bəsirə Səlimova : “Ayda ödədiyimiz internet pulu da boş yerə ödənilir, ancaq xidmət yoxdur.”
Rayonun kəndlərində vəziyyət daha acınacaqlıdır. İsmətli, Günəşli, Ağayri sakinləri bildirdilər ki, onlar hələ də 1985-86-cı illərdə qalıblar.
İsmətli kənd sakini Sakit Dadaşov: “Bizim kəndlərdə camaat ev telefonundan ümidlərini çəkib. Normal işləməyən telefonlara görə bizdən bir ətək pul alaraq evimizə xətt çəkiblər ancaq nə faydası var? Telefonlarımız işləmədiyindən internet xidmətlərindən də normal istifadə imkansız olub”

Rayon əhalisi ilə söhbətimizdə o da məlum oldu ki, onlar xaricdəki qohumları ilə əlaqə yaratmaq üçün məcbur qalıb data kartdan istifadə edirlər.Sakinlər onu da bildirdilər ki, onlaırn aidiyyatı orqanlarına verdikləri şikayətlərə məhəl qoyulmur: “Biz aylıq xidmət haqqını bir gün gecikdirəndə qiyamət qoparan aidiyyatı orqan məhv olan xidmətlə bağlı şikayətlərimizi eşitmək belə istəmir”.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Biləsuvar Telekommunikasiya Qovşağınin rəisi Əli Əliyevlə münasibət öyrənməyə çalışsaq da cəhdlərimiz alınmadı. Qovşaq rəisinin telefonuna zəng çatmadı. Məsələ diqqətimizdədir. Problemə yenə qayıdacağıq.(musavat.com)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir