Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Siyasi Məhbusların Monitorinqi Mərkəzi cəzaçəkmə müəssisəsində Mövsüm Səmədova təzyiqi pisləyib

Azərbaycan İslam Partiyasının liderinin növbəti dəfə karserə salınması ölkə hakimiyyətinin dini fəallara qarşı total repressiya siyasətinin daha bir parlaq nümunəsidir. Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin martın 23-də yaydığı bəyanatda deyilir.

Bəyanat müəllifləri qeyd edirlər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlının təyin edilməsindən sonra dini fəalların təqibi siyasəti xüsusilə geniş yayılıb.

“Biz İslam Partiyasının lideri Mövsüm Səmədovun uzun müddətə karserə salınmasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, onu tamamilə əsassız cəzalandırırlar. O, yüksək əxlaqlı insandır və məhbusların arasında yalnız mənəvi nüfuza sahibdir. Biz qətiyyətlə Səmədovun cəza kamerasından çıxarılmasını və həbsdə belə təqibinə son qoyulmasını tələb edirik”, deyə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

* Səmədov 2011-ci ilin yanvarında hakimiyyəti ələ keçirməyə cəhd və qanunsuz silah saxlama ittihamı ilə bir qrup AİP fəalı ilə birlikdə həbs olunub və 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayəti üzrə kommunikasiyaya başlayıb. Martda o, üç dəfə karserə salınıb.

* Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir