“Lavrovun bu açıqlaması bütün dünya ilə Rusiyanın açıq qarşıdurmaya getdiyini göstərir”
Rusiya ilə Qərb arasında qarşıdurma sərtləşməkdədir. Avropa Birliyinin regionumuzda apardığı siyasət Rusiya tərəfindən sərt qarşılanmaqdadır. Rusiyanın xarici işlər naziri Lavrovun açıqlaması bu qəbildəndir. «Bizi Şərq tərəfdaşlığının əvvəlki kimi ərazilərin zəbt edilməsi və bu ərazilərdə Rusiyanın nüfuzunun azaldılmasına yönəlmiş geosiyasi layihə kimi istifadə edilməyəcəyinə inandırmağa çalışırlar. Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və “boş oturmayacaq”, deyə Lavrov bildirib.
Bu barədə Lavrov İsveçin “Daqens Nüheter” qəzetinə verdiyi müsahibəsində bildirib.
Hazırda yerləşdiyimiz regionda vəziyyət olduqca gərgindir. Azərbaycan neft gəlirlərinin azaldığı, Qərbdən sanksiya təhdidinin daha yüksək tonla deyildiyi bir zamanda Qərbə istiqamətdə bir sıra addımlar atdı. İ.Əliyevin ABŞ-a səfəri ərəfəsində adı siyasi məhbus siyahısında olan bəzilərini azad etməsi buna misaldır. Hakimiyyət qərbin artıq sanksiya tətbiqi məsələsində ciddi olduğunu anlamaqdadır.
Ermənistanın da iqtisadi durumu və Rusiya ilə əlaqələrin soyuması Yerevanı da Qərblə əməkdaşlığa yenidən baxmağa vadar edir. Ekspertlərə görə Rusiyanın Qərbin nüfuz dairəsini genişləndirmək niyyətinə bu cür reaksiya verməsi bir daha Kremlin aqressiv xarici siyasət kursuna sadiq qaldığını sübut edir.
Politoloq Hikmət Hacızadə hesab eidr ki, Lavrovun bu açıqlaması bütün dünya ilə Rusiyanın açıq qarşıdurmaya getdiyini göstərir: «Rusiyanın yürütdüyü kütləvi psixoz siyasətinin nəticəsidir. Hər addımda düşmənçilik siyasəti görürlər. Görünür, Rusiyanın rəhbərliyi və ictimaiyyəti sağalmaz xəstəliyə yoluxub. Bu siyasətin sonu yaxşı olmayacaq».
H.Hacızadə onu da bildirdi ki, bu açıqlama onu da sübut edir ki, rusiya həddindən artıq aqressivləşib və irosional addımlar atır. Bu isə Azərbaycan üçün böyük təhlükədir. Çünki Azərbaycan bu cür təhlükəli siyasət yürüdən bir dövlətin yanında qərarlaşıb.