Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Camal Seyidli: “Azərbaycanda qərbmeyilli qüvvələr ciddi təzyiq altındadır”

2013-cü il Azərbaycanda insan hüquqları sahəsində çətin il oldu, desək yanılmarıq. Ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərindən sonra ölkədə demokratiyanın vəziyyətinin yaxşılaşacağı güman edilirdi. Təəssüf ki, 2013-cü ilin ilk aylarında 10-dan çox siyasi fəal həbsə atıldı. NİDA-çı gənclər ölkədə iğtişaşlara səsləməkdə, qanunsuz silah saxlamaqda ittiham olundu. İsmayıllı etirazlarına görə saxlananların məhkəməsi hazırda davam edir. Həmin hadisələrə görə saxlanan REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun həbsi beynəlxalq ictimaiyyətin, hüquq-müdafiə qurumlarının qınağına tuş gəldi.

 

2013-cü ildə Azərbaycanda baş verən ictimai-siyasi hadisələri dəyərləndirməsi üçün AXCP fəalı, keçmiş siyasi məhbus Camal Seyidliyə müraciət etdik.

 

– Camal bəy, 2013-cü il Azərbaycanda insan haqlarının vəziyyəti baxımından yaddaşınızda necə qalıb?
– Bütün beynəlxalq təşkilatlar, nüfuzlu xarici qurumlar Azərbaycanda demokratiya və insan haqları ilə bağlı hazırladıqları hesabatlarda durumun ürəkaçan olmadığını bəyan ediblər. Human Right Watch, Beynəlxalq Amnistiya Təşkilatı, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanda hələ də qanunsuz həbslərin olduğunu, insanların düşüncələrinə, siyasi dünya görüşlərinə görə təzyiqə məruz qaldıqlarını bəyan ediblər. Bütün bu hesabatlar, bəyanatlar dərin araşdırma və monitorinqlərdən sonra ictimaiyyətə açıqlanıb. Azərbaycandakı prosesləri dərindən izləyən bir şəxs kimi mən də bütün bunların şahidi olmuşam. Sonuncu həbslər həbsi məni sarsıtdı. Hesab edirəm ki, bu cür həbslər dövlətə başucalığı gətirməyəcək. Əksinə hakimiyyətə qarşı təzyiqləri gücləndirəcək.

 

– Siz yəqin ki, gənclərin həbsini nəzərdə tutursunuz…
– Bəli. Dünyanın heç bir ölkəsində heykəlin üzərini yazdığı üçün heç kəsi mühakimə etmirlər. Gənc fəalların tutulduqları və polis məntəqələrində saxlandıqları zaman işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalmaları barədə məlumat var. Bu məlumatdan mən narahat oldum. Həm Azərbaycan qanunvericiliyində, həm də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdə işgəncələrə məruz qalmamaq hüququnun mütləqliyi ilə bağlı prinsipi və işgəncə barədə şikayətləri təxirəsalınmadan və obyektiv araşdırmaq öhdəliyi var. Heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyaqətini alçaldan rəftara məruz qalmalarına əsas ola bilməz. Azərbaycan hökuməti BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatların hesabatlarında, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin işgəncələrlə bağlı şikayətlər üzrə qərarlarının icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrinin yerinə yetirilməsi istiqaməsində təcili və real tədbirlər görməlidir.

 

– Həbs yerlərində işgəncə faktlarının olması nə ilə bağlıdır?
Hesab edirəm ki, əgər bir ölkədə qanunsuz həbs varsa, orada işgəncə faktı var. İşgənclər bir qayda olaraq qisas, şəxsi yalan ifadə yazmağa məcbur etmə ilə bağlıdır. Azərbaycanda saxlanma yerlərində işgəncənin bir neçə növü var və bu barədə zaman-zaman ictimaiyyətə məlumat verilib, hesabatlar hazırlanıb. Saxlanılan şəxsə qarşı qeyri-insani rəftar bütün beynəlxalq qurumlar tərəfindən kəskin pislənilir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan həbsxanalarına yerli və beynəlxalq marağın, nəzarətin artmasına baxmayaraq həbs yerlərində saxlanılan şəxslərə qarşı insan ləyaqətini alçaldan hərəkətlər, zorakalıq və işgəncə halları azalmaq əvəzinə artan xətt üzrə davam edir. Zənnimizcə bunun başlıca səbəbi cəzasızlığın hökm sürməsidir. Cəzasızlıq isə qanunların işləmədiyi yerlərdə baş verir.

 

– Azərbaycan hakimiyyəti insan haqlarının yaxşılaşması istiqamətində islahatlar aparmaqda maraqlı görünürmü?
– Qanun üzərində Azərbaycan vətəndaşlarına hər cür azadlıq verilib. Bizim qanunlar dünyanın qabaqcıl ölkələrinin qanunlarından heç də fərqlənmir. Amma qanunlar icra olunmur, praktikada insan haqlarına hörmət qoyulmur. Əgər yaxın vaxtlarda bütün siyasi məhbuslar azadlığa buraxılmasa bu hakimiyyətin mahiyyətinin dəyişməz olduğunu göstərəcək. Onu da bildim ki, hakimiyyət daxilində insane haqlarına, demokratiyaya münasibət fərqlidir. Hakimiyyətdə təmsil olunan qərbmeyilli qüvvələr ölkədə demokratik azadlıqların inkişafında maraqlıdırlar. Amma rusiyapərəst, islahat əleyhinə olan qüvvələr var ki, onlar daha güclüdürlər, hətta ölkə başçısına belə təsir etmək gücündədirlər. Dəfələrlə müşahidə etmişəm, prezident islahatların anonsunu verərkən rusiyameyilli qüvvələr fəallaşırlar və planı pozmağa çalışırlar. Həmin qüvvələrə qarşı Azərbaycan cəmiyyəti birlikdə mübarizə aparmalıdır”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir