Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Buraxılış imtahanlarının yeni qaydalarının detalları açıqlanıb

meleyke-abbaszade040610-300x240Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Göyçay rayonunda müəllimlərin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla tanış olması məqsədilə seminar keçirilib.

Seminarda TQDK-nın Göyçay Regional Bölməsinin əhatə etdiyi rayonlardan olan müəllimlər də iştirak edib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə seminarda ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə edib. O, 2017-ci ildə 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydaları haqda məlumat verərək bildirib ki, 9-cu sinifdə oxuyan şagirdlər ötən 9 il ərzində yeni proqram əsasında təhsil alır. 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurrikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir: “Birinci sinifdən onlara kurrikulum tətbiq olunub. Biz onların bilik və bacarığını qiymətləndirmək üçün yeni metodlar hazırlamışıq və onların buraxılış imtahanları 2 mərhələdə keçiriləcək”.

M. Abbaszadə bildirib ki, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Buraxılış imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə keçiriləcək.

O bildirib ki, birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim ediləcək.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.

Azərbaycan və rus dilləri istisna olmaqla, digər dillərdə tədris aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək. Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.

Pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq bu yeni qaydalarla suallarını cavablandıran Məleykə Abbaszadə qeyd edib ki, yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurrikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin  qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları nəşr ediləcək. Həmçinin həmin fənlərdən respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.

Azərbaycan dili və riyaziyyat fənləri üzrə seksiya iclasında Dövlət İmtahan Mərkəzinin nümayəndələri Afiqə Batıyeva, Aydın Qasımov, Oleq Şelaqinov, Bakı Dövlət Universiteti nəzdindəki liseyin müəllimi Saməddin İbrahimov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat veriblər.

(apa)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir