“Bölgələrdə analoq yayımı bu ilin sonuna qədər, hətta ola bilsin ki, 2017-ci ildə dayandırıla bilər”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
“Milli Televiziya və Radio Şurası hələ bir neçə il bundan qabaq analoq yayımının dayandırılması ilə bağlı kifayət qədər konfranslar keçirib, maarifləndirmə işləri aparıb. Biz analoq yayımın daha tez dayandırılmasını istəyirdik. Çünki bu həm də bir imic məsələsidir. Biz sosial cəhətdən problemi olan insanlarla bağlı Nazirlər Kabinetinə müraciət etmişdik. Ona görə bu məsələ bir qədər uzandı, amma nəhayət qərar verməli idik. Çünki Beynəlxalq Telekommunikasiya İttifaqının da tövsiyəsi belə idi ki, 2015-ci ilin iyun ayında artıq bütün ölkələr analoq yayımı dayandırmalı idi. Amma yenə də əhalinin müəyyən hissəsinin vəziyyətini nəzərə alaraq, bunu daha gec etməyə qərar verdik və nəhayət ki, bu il qərar verdik. Həm də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”na əsasına analoq yayım bu ilin sonuna kimi dayandırılmalı idi. Biz də həmin proqramın icrasını həyata keçirmək üçün belə bir qərar verdik. Artıq Bakı və Abşeron yarımadasında analoq yayımı dayandırılıb. Bizi qınayanlar deyirlər ki, biz əvvəlcədən hazır olmadıq. Artıq 3 ilə yaxındır ki, bu proses gedir. Ölkədə çoxlu sayda vətəndaş kabel şəbəkəsinə, peyk antenalarına qoşulub. Əhalinin böyük bir hissəsi bu prosesə hazırdır”, – deyə MTRŞ sədri qeyd edib.
Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib.