“Insan Hüquqları və Sosial Bərabərlik İnstitutu” İctimai Birliyinin Dövlət Qeydiyyatına alınmasıyla bağlı müraciətinə cavab verilib. Bu barədə əməkdaşımıza birliyin təsisçisi və sədri Elnarə Ağayeva məlumat verib.
E.Ağayevanın bildirdiyinə görə “Insan Hüquqları və Sosial Bərabərlik İnstitutu” İctimai Birliyi xeyli müddətdir təsis olunub və növbəti dəfə Ədliyyə Nazirliyindən imtina cavabı alınmışdır. Təşkilat rəhbəri bildirir ki, nazirlik növbəti dəfə imtinaya səbəb kimi təşkilatın hüquqi ünvanını göstərən daşınmaz əmlakla bağlı artıq sənədin olmasıdır. Halbuki, artıq sənədi normal şəkildə geri qaytarmaq olardı.
E. Ağayeva söhbətində qeyd etdi ki, əslində Ədliyyə Nazirliyi texniki çatışmazlıqları aradan qaldırmaq üçün bir dəfə sənədləri geri qaytara bilər. Xanım bu prosesin Azərbaycanda məqsədli edildiyini və illərdir Qeyri-Hökumət Təşkilatlarının qeydiyyat problemi olduğunu bildirdi. Bu isə həm milli, həm də beynəlxalq qanunvericiliyə, o cümlədən insan haqlarının təməl prinsipi olan sərbəst toplaşmaq hüququnun pozulmasıdır. Azərbaycanda bu hüquq illərdir Ədliyyə Nazirliyi tərəfindən pozulur və bu hökumətin siyasi qərarıdır. Çünki, hökumət vətəndaş cəmiyyətinin güclənməsini istəmir.
Vətəndaş Cəmiyyəti güclü olan zaman şəffaflıq, hesabatlılıq, azad düşüncəyə hörmət, siyasi və iqtisadi azadlıq tələb edəcək. Bu da bizim hökumətin xoşuna gəlmir.
E.Ağayevə perspektivdə atacaqları addımlarla bağlı da fikirlərini bölüşdü və qeyd etdi ki, biz artıq məhkəməyə müraciət edəcəyik və təşkilatımızın qeydiyyatı üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Bu sırada Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək də mümkün perpsektivlər sırasındadır.