Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Gözəl Bayramlını ölümlə hədələyən “tapılıb”

gozelbayramli1AXCP sədr müavini Gözəl Bayramlını ölümlə təhdid edən şəxsin kimliyi məlum olub. Bu haqda Gözəl Bayramlı facebook səhifəsində məlumat yayıb:

“Dostlar, bu gün yenə də Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə dəvət olunmuşdum. Mobil nömrəmə zəng edərək məni təhdid edən şəxsi tapıblar. Məni ölümlə təhdid etdiyini etiraf edən həmin şəxsin iddiasına görə guya zəng etdiyi nömrənin mənə məxsus olduğundan xəbərsiz olub. Olduqca gülünc və şübhəli məqamlarla dolu bir iddia!
Elə məsələyə bu nöqtədən başlayıb çözüm gətirmək çox sadədir. O zaman mənim nömrəmi kim və hansı məqsədlə bu şəxsə verib? Bu işin təşkilatçıları kimlərdir? Mənə qarşı ölüm təhdidində alət kimi istifadə olunan bu şəxs əslində kimdir? Nəyə görə həmin şəxsin fb səhifəsindən götürdükləri iddia olunan yazı həmin səhifədən silinib, yazının ilkin variantı günlər sonra niyə dəyişdirilib? Neçə gündür davam edən susqunluq bu hazırlıqla bağlı olmasın?!

Ən əsası, təhdid edildiyimin səhəri günü tələm-tələsik sələfi profili yaradılaraq onun vasitəsilə mənim “başımı kəsməklə” hədələyici status paylaşan, inboxuma eyni məzmunda məktub göndərən şəxs kimdir? Bu hadisədə hər iki məqam arasındakı əlaqə o qədər qabarıq görünür ki, bu işin bir mənbədən idarə olunduğuna, təşkilatçıların eyni adamlar olduğuna zərrə qədər şübhə yeri qalmır.

Həm də “bandotdel”ə çağırılaraq (14 oktyabrda) yazılarıma, “Nardaran işi” ilə bağlı təqsirləndirilən şəxsləri müdafiə etdiyimə görə xəbərdarlıq olunmağım, məndən Fuad Qəhrəmanlı vəTale Bağırzadəni müdafiə etməmək tələb olunduğu günlə bu hadisə (28 oktyabr) arasında cəmi 14 günlük zaman olması da diqqətdən qaçırılası məqam deyil…”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir