Qiymətləndirmə missiyası ilə Bakıya gələn BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Mişel Forst sentyabrın 16-da vətəndaş sektorunun nümayəndələri ilə görüş keçirib.
O, insan hüquqlarının və vətəndaş azadlıqlarının müdafiəsi sahəsində vəziyyət haqqında qiymətləndirmə və tövsiyələri dinləyib.
Görüşdə vətəndaş cəmiyyəti fəalları Bəşir Süleymanlı, Şəhla İsmayıl, Mehman Əliyev, Akif Qurbanov, Günay İsmayılova, Oqtay Gülalıyev, Samir Kazımlı iştirak ediblər.
Forstun səfəri sentyabrın 14-də başlayıb və sentyabrın 22-də yekun mətbuat konfransı ilə yekunlaşacaq.
Müstəqi ekspert, BMT-nin İnsan Hüquqları Şurasının məsul nümayəndəsi Azərbaycanda vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlər haqqında ilkin mənbədən məlumat toplayacaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutur. Səfər zamanı xüsusi məruzəçi rəsmi şəxslər, məhkəmə işçiləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri və diplomatlarla görüşəcək. Forst səfərin yekunlarına dair məruzəni 2017-ci ilin martında İnsan Hüquqları Şurasında təqdim edəcək.
Görüşdə iştirak edən hüquq müdafiəçisi Oqtay Gülalıyev görüş barədə Facebook səhifəsində fikirlərini bölüşüb;
“Bu gün bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq hökümətin dəvəti ilə ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Müdafiəçiləri üzrə Xüsusi Məruzəçisi Mişel Forst və onu müşayət edən şəxslərlə görüşdük. Görüşdə ölkəmizdə insan haqlarının mövcud durumu ilə bağlı qonağa ətraflı məlumat verdik.
Mən öz çıxışımda diqqəti ölkədə seçkilərin total saxtalaşdırıldığına yönəldərək son zamanlar qanuna edilən anti- demokratik dəyişiklərin Konstitusiyaya daxil edilməsi üçün hakimiyyətin 26 sentyabrda referendum keçirmək istədiyini, ölkədə 100- dən artıq siyasi məhbusun olduğunu, insanların ictimai- siyasi fəaliyyətinə görə təqiblərə və həbslərə məruz qaldığını bildirdim. Bu gün Azərbaycanda elə bir sahə tapmaq çətindir ki, orda insanların hüquq və azadlıqları tapdanmasın və ya məhdudlaşdırılmasın. Hakimiyyət indiyə qədər qanunlara etdiyi mürtəce əlavə və dəyişiklikləri indi də Konstitusiyaya edib əsas qanunumuzu öz maraqlarına uyğunlaşdırmaq, konstitusion əsas yaratmaq istəyir. Ölkəmiz siyasi məhbusların sayına görə Avropanın lider ölkələrindən biridir. Azərbaycan dünyanın az saylı ölkələrindən biridir ki, orda insanlar təkcə öz baxışlarına və fəaliyyətlərinə görə deyil ailə üzvlərinə görə də təqib olunub repressiyalara məruz qalırlar. Bu gün ölkə həbsxanalarında siyasi məhbuslarla yanaşı siyasi girovlar var. Hakimiyyət həbs edə bilmədiyi bəzi ictimai siyasi fəalların əvəzinə onların qohumlarını həbs edib girov kimi saxlayır. AXCP sədri Əli Kərimliyə görə uzun müddətdir ki, onun qaynı Elnur Seyidov həbs olunub. Milli Şuranın sədri Cəmil Həsənliyə görə onun qızı Günel xanım hazırda Məntəqə Tipli Müəssisədə cəza çəkməyə məkum edilib. Tanınmış jurnalist Natiq Adilova görə onun qardaşı Murad Adilov 2 ildən çoxdur ki, qanunsuz olaraq həbsxanada girov saxlanılır. Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə görə onun qardaşı oğlu, sadə kənd adamı Mübariz Abdullayev həbs olunub və girovluq həyatı yaşayır. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə görə onun 2 qohumu şərlənib həbs olunub. Onlar da Qnimət bəyə görə girov saxlanılır. Prezidentliyə keçmiş namizəd olmuş REAL Hərəkatının sədri İlqar Məmmədov və 11 ildir ki, cəza çəkməsinə baxmayaraq azadlığa çıxmasına bir neçə həftə qalmış yenidən əsassız olaraq haqqında cinayət işi qaldırılan keçmiş səhiyyə naziri Əli İnsanovu bu hakimiyyət həbsxanada girov saxlayır. Onların hər ikisi haqqında Avropa Məhkəməsinin qərarı var. Bu gün həbsxanalarda şərlənib həbs olunan ictimai fəallar- Fuad Qəhrəmanlı, Taleh Bağırzadə, Fərəc Kərimli, jurnalistlər- Cavid Şirəliyev, Fikrət Fərəməzoğlu və digərləri var. Mən bu siyahını uzada bilərəm. Siz Azərbaycanda insan haqlarının real durumunu öyrənmək istəyirsinizsə sizi həbsxanada olan siyasi girovlarla görüşməyə çağırıram. Onlarla görüşün, vəziyyətləri ilə maraqlanın. Onlarla görüşə imkan verilməsə həmin şəxslərin ailələri ilə görüşün. Onlar sizə ölkəmizdə insan hüquqlarının real durumunu daha aydın və dəqiq təsvir edə bilərlər.
Cənab Mişel Forst sabah Penitensiar Xidmətin rəhbərliyi ilə görüşəcəklərini qeyd edərək onlardan adları qeyd olunan və olunmayan siyasi məhbuslarla görüş üçün razılıq almağa çalışacaqlarını bildirdi. Razılıq olmasa həmin şəxslərin ailə üzvləri ilə görüşəcəyini söylədi.
Görüşün sonunda bizim tövsiyyələrimizi almaq istəyən BMT nümayəndəsinə təmsil etdiyi qurumun ölkəmizdə olan təmsilçilərinin indiyə qədər hakimiyyətə təqdim etdikləri tövsiyyələrin reallaşdırılmasının vacibliyini bildirdik.”
Yenifakt.info
Müstəqil xəbərlər portalı