Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir.
Fins.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinə əlavə və dəyişikliklər edilir.
Qanunun 33-cü maddəsinə təklif olunan dəyişiklik müzakirə edilib. Layihəyə əsasən, “BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə də götürüləcək. “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti də əlavə edilir. Bundan başqa “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan qəbul edilən şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti də əsas götürüləcək.
Digər əlavəyə görə isə “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanan şərt ilə paralel olaraq, 65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.