Bu barədə hüquqşünas Əkrəm Həsənov facebook səhifəsində məlumat yayıb. Həmin məlumatı təqdim edirik:
“Unibanka təxmini 3000 borcu olan 38 yaşlı işsiz ailə başçısı Mübariz Bayramov haqda aprel ayında məlumat vermişdim. Həmkarım vəkil Aqil Layıcov məlumat vermişdi ki, Unibank ona böyrəyini satıb kreditini qaytarmağı təklif etmişdi. Sonradan Mübariz Antikollektora müraciət etdi və böyrək alqı-satqısı barədə audioyazını da ictimaiyyələşdirdik. Aydın olmayan bir məqam idi: vəhşi təklifi ona Unibankın, yoxsa bankın borclarının qaytarılması ilə məşğul olan “BOA Kollektor Agentliyi”nin əməkdaşı idi. Mübariz apreldə bununla bağlı Baş Prokurora və Daxili İşlər Nazirinə şikayət də göndərmişdi.
4 ay idi ki, sakitçilik idi. Amma ötən həftə Mübarizi yenə kollektor narahat etməyə başladı. Antikollektorun əməkdaşı həmin kollektora zəng edərək Mübarizdən əl çəkməyi və yalnız qanuni yollarla hərəkət etməyi tələb etdi. Dünən isə Nərimanov rayon İcra şöbəsinin əməkdaşları Mübarizi gəlib evindən birbaşa məhkəməyə aparıblar. Nərimanov rayon məhkəməsinin hakimi Samir Məmmədov da onu 5 günlük həbs edib. Tələsik keçirilən bu məhkəmə iclasında Unibankın da nümayəndəsi iştirak edib və Mübarizin cəzalandırılmasını istəyib. İclasda hətta dövlət hesabına vəkilin də iştirakı təmin olunub, amma qərardan belə görünür ki, heç çıxış da etməyib.
Məsələ barəsində Antikollektora məlumatı Mübarizin qardaşı bu gün səhər verib. Dərhal məhkəməyə gedib qərarın surətini aldım. İcra məmurunun protokolunu hakim mənə vermədi. İcra məmurunun özünü də gördüm. Mənə bildirdi ki, bu işdə sonadək gedəcək və Mübarizə qarşı istintaqa da başlayacaq (mən də ona cavab verdim ki, biz də sonadək, Avropa Məhkəməsinədək gedəcəyik). Göründüyü kimi, iş açıq-aşkar sifarişlidir və qisas xarakteri daşıyır.
Elə bu gün qərardan apellyasiya şikayəti verdim. Ümid edirəm ki, şikayətə sabah baxılacaq.
Həbs yalnız borcun üzrsüz səbəbdən ödənilməməsinə görə ola bilər. Yəni borclunun pulu var, amma ödəmir. Bu faktı da icra məmuru sübut etməlidir. Təqsiri olmayan şəxsin cəzalandırılması qanuna ziddir. Bu barədə Konstitusiya Məhkəməsinin qərarı var. Borclu işsizdirsə, borcu necə ödəsin? Oğurluq etsin? Qarət etsin? Adam öldürsün? Vergi ödəmirsə, deməli, imkanı da yoxdur.
Borc görə həbs Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır.
Göründüyü kimi, tək-tük də olsa, bəzi icra məmurları və hakimlərin köməyi ilə banklar borcluları bu cür qorxutmaq niyyətindən əl çəkmir, Azərbaycanda sosial gərginliyi artırır, dövlətimizi sarsıtmaq, onu dünyada biabır etmək istəyirlər.
Görəsən həmin icra məmurları və hakimlər bağlanan banklarda əhalinin və sahibkarların batan pullarına görə həmin bankların sahiblərini və rəhbərlərini, həmin banklara bərbad nəzarət etmiş Mərkəzi Bankın rəhbərliyini də həbs etməyə cürət edə bilərmi? Axı onlar da faktiki olaraq borcludur! Niyə borclarını ödəmirlər?
P.S. Xatırladıram ki, oxşar iş üzrə artıq Avropa Məhkəməsinə şikayət vermişik. Bu kimi işlər üzrə Antikollektor vətəndaşlara PULSUZ hüquqi yardım edir. Buna görə də analoji problemlə üzləşənlər bizə müraciət etsin. Bu məsələ daim diqqət mərkəzimizdədir və yaxında bu barbar ənənəsinə son qoymaq üçün başqa addımlar da atacağıq…”