Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əli Əhmədov seçkilərdə yaş həddinin dəyişdirilməsi təklifini şərh etdi

Əli Əhmədov seçkilərdə yaş həddinin dəyişdirilməsi təklifini şərh etdi

Seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət konstitusion seçilmək hüququnun demokratik təminatından gedir. Konkret olaraq, hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçiçilərin rəyindən asılıdır.

Ə.Əhmədov qeyd edib ki, siyasi iştirakçılıq baxımından ağlabatanlıq mülahizələri çərçivəsindən kənarda istənilən məhdudlaşdırıcı normalar, o cümlədən yaş məhdudiyyətlərinin qoyulması ədalətli sayila bilməz: “Çünki o həm fərdin hüquq və azadlığının məhdudlaşdırılmasına səbəb olur, həm də xalqın, seçicilərin seçmək hüququna müdaxilə edir”.

Ə.Əhmədov əlavə edib ki, mövcud reallıqlar, ölkələr arasında iqtisadi uçurumun dərinləşməsinin daha da sürətlənməsi təkcə iqtisadi faktor olmaqdan çıxaraq siyasi məna qəbul etmiş, bütün dünyada sabitliyin və təhlükəsizliyin pozulmasına rəvac vermişdir:

“Afrikanın Şimalında və Yaxın Şərqdə baş verən inqilablar və savaşlar, dəhşətli miqyaslar almış beynəlxalq terrorizm, Avropaya axan böyük insan köçü, humanitar fəlakətlər və kütləvi insan faciələri dünyanın mənzərəsini dərindən və yəqin ki, birdəfəlik dəyişib. Başa düşmək çətin deyil ki, sadalanan dünya problemləri bütün dövlətlər kimi, Azərbaycanın qarşısında da ciddi çağırışlar irəli sürür. Dünya birliyinin bir parçası olan, dünya iqtisadiyyatına inteqrasiya edən ölkəmiz o proseslərin təsirindən sığortalanmayıb. Nəzərə alınmalıdır ki, Azərbaycan bəşəriyyətin nizamını pozan, ciddi təlatümlərlə müşayiət olunan bəhs etdiyimiz hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil.

Beləliklə, həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir