Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Jurnalistin prokurorluqdan şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsi jurnalist Əvəz Zeynalllının Baş Prokurorluqdan şikayətini təmin etməyib.
Məhkəmə prosesinin detalları haqda AzadlıqRadiosuna danışan Əvəz Zeynallının sözlərinə görə, məhz peşə fəaliyyəti ilə bağlı yanvarın 26-da Baş Prokurorluğa çağırılıb. Prokurorluqda ona xəbərdarlıq edilib.
“Bu xəbərdarlıq tamamilə qanunsuz idi. Məni yazılarımdan çəkindirmək niyyəti daşıyırdı. Ona görə də məhkəməyə müraciət etmişəm”, deyən Ə.Zeynallının sözlərinə görə, məhkəmədən xahiş edib ki, prokurorluğun ona xəbərdarlıq etməsini qanunsuz hesab etsin.
Şikayətə əvvəlcə 1 Saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və təmin edilməyib.
Bu gün, sentyabrın 19-da da Bakı Apellyasiya Məhkəməsində aşağı məhkəmənin qərarından verilən şikayətə baxılıb.
Verilən məlumata görə, məhkəmədə jurnalistin vəkilləri şikayətlərini müdafiə ediblər.
Onlar məhkəmənin diqqətinə çatdırıblar ki, jurnalistin peşə fəaliyyətinə görə, prokurorluqda çək-çevir edilməsi, dindirilməsi, sonda ona xəbərdarlıq olunması bilavasitə onu peşə fəaliyyətindən çəkindirməyə xidmət edir. Belə xəbərdarlıqlar habelə, digər jurnalistlərin gözünü qorxudur.
Əvəz Zeynallının deməsinə görə, vəkilləri məhkəmədən xahiş ediblər ki, Baş Prokurolugun xəbərdarlığını qanunsuz saysın, prokurorlugun üzərinə bir daha belə hərəkətlərə yol verməmək vəzifəsi qoysun.
Baş Prokurorluğun nümayəndəsi isə şikayətin rədd olunmasını istəyib.
Hakim Mirzə Tagızadənin rəhbərlik etdiyi hakimlər kollegiyası da şikayəti təmin etməyib.
Əvəz Zeynallı qərarla razı olmadıqlarını, Ali Məhkəməyə şikayət edəcəklərini bildirib.
Jurnalistin şikayətinə, hələlik, Baş Prokurorluqdan ayrıca münasibət almaq mümkün olmayıb.
Şikayət niyə verilmişdi?
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu il yanvarın 26-da Baş Prokurorluqda dindirilmişdi. Onda ona rəsmi xəbərdarlıq olunduğu açıqlanmışdı.
Əvəz Zeynallı həmin vaxt AzadlıqRadiosu-na açıqlamasında prokurorluğa çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirmişdi. Jurnalistin sözlərinə görə, dəvət olunmasına səbəb sosial şəbəkələrdəki statusları və “Turan” Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəsi olub:
“Mənə irad tutulan statuslarım yeni il ərəfəsində yazdıqlarımdır. Həmin statuslarda jurnalistlər – Əfqan Sadıqov, Əziz Orucov, Əfqan Muxtarlı və digərləri ilə bağlı həbs qərarlarından bəhs etmişəm, yeni repressiya dalğasının yaşandığını qeyd etmişəm. Çağırılmağımın əsas səbəbi məncə elə Mehman Əliyevlə müsahibəm idi. Statusları da onun “gözünə qatdılar”. Mənə bildirildi ki, belə status, müsahibələrlə ictimai rəyi çaşdırıram”.
Sözü gedən müsahibədə Mehman Əliyev etibarlı mənbələrə istinadən bildirib ki, 2017-ci ilin avqustunda vergidən yayınmaq ittihamı ilə həbs olunmasının təşəbbüsçüsü prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və baş prokuror Zakir Qaralov olub.
Prezidentin köməkçisi Əli Həsənov isə həmin iddialara “Yeni Müsavat” qəzetində belə cavab vermishdi:
“Təəssüf edirəm ki, Mehman Əliyev heç bir fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb. Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsinə, həmçinin ölkədə qanunçuluğun qorunmasına məsul olan yüksək ranqlı dövlət məmurları haqqında mənfi rəy formalaşdırmaq istəyib… Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır”
Xatırlatma
Əvəz Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktorudur. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.
2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi hökmlə 9 il azadlıqdan məhrum edilib.
Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub. Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.
Zeynallı 2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir