Dünya praktikasında işçilərin bədbəxt hadisələr zamanı sığorta olunması ən vacib prosedur sayılır. Son zamanlar iqtisadiyyatın ən inkişaf etmiş sahələrindən biri olan sığorta artıq günün tələbinə çevrilməkdədir. Evini, sağlamlığını, hətta öz həyatını belə sığortalayanlar var. Bu sahədə qonşumuz Türkiyə xeyli qabaqdadır.
Mütəxəssislər bunu Türkiyədə insanların işə girərkən işəgötürəndən tələb etməsi və orada bu sahədə maarifləndirmə işlərinin daha çox olması ilə əlaqələndirir. Bununla yanaşı, qardaş ölkədə hökumətin özü də bu sahədə dürüstlüyün olmasında maraqlıdır. Azərbaycanda işəgötürülənlərin sığorta olunması Türkiyədəki qədər şəffaf olmasa da, artıq ölkəmizdə də bu sahənin inkişafı üçün addımlar atılır. Amma, buna baxmayaraq, sözügedən sahə ilə bağlı hələ də bəzi problemlər və çatışmazlıqlar qalmaqdadır. Bunun isə səbəbi aydındır. Çünki əhali Türkiyədəki qədər maarifləndirilmir, onlara sığortasız işləməyin zərərləri aşılanmır.
Azərbaycanda bir sıra dövlət müəsissələri işçilərini sığortalasa da, bu bütün təşkilatlara aid deyil. Dövlət müəssisələrində işləyənlərlə yanaşı, elə peşə sahələri də var ki, onlar mütləq sığortalanmalıdır. Belə peşə sahələrindən biri də idmanın müxtəlif növləridir. Çünki elə idman sahəsi var ki, orada da hər hansı fəaliyyət zamanı bədbəxtliklər yaşanır, ölümlər və ya xəsarətlə nəticələnəcək hadisələr baş verir. Bu yaxınlarda da fəaliyyətləri zamanı itkin düşmüş, daha sonra meyitləri tapılmış 3 alpinistimiz onların sığorta olunub-olunmamaları məsələsini gündəmə gətirdi.
Məsələ ilə bağlı alpinistlərin üzvü olduqları “Gilavar” klubunun rəhbəri Ziya Qasımova zəng etdik. Klub rəhbəri Cebhe.info-dan olduğumuzu bildikdən sonra telefonu bağladı. Digər alpinist klubu olan “Everest”inrəhbəri Yusif Bağırov isə Cebhe.info-ya bildirdi ki, rəhbərlik etdiyi idman klubu hər səfərdə alpinistləri sığorta etdirirlər. Onun sözlərinə görə, bunu hər bir federasiya və ya klub özü etməlidir:
“Hər dəfə dağa gedəndə biz özümüz öz qrupumuzu müxtəlif sığorta şirkətlərində sığorta elətdiririk. Hər səfər zamanı şirkətlərə pul ödəyirik, həmin vaxtı idmançılarımızı sığortalatdırırıq. Hətta xarici vətəndaşlar belə gələndə onları da sığortalayırıq. Bir nəfəri sığorta şirkətinə 4 manata sığortalatdırırıq. Amma hər hansı bədbəxt hadisə zamanı bir nəfər üçün nə qədər sığorta ödəməsi şirkətlərlə imzalanan müqavilədən asılıdır, yəni, əvvəlcədən konkret rəqəm demək çətindir”.