«Ali məktəblərə qəbul imtahanlarının pullu sistemə keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin təklifi Azərbaycan Konstitusiyasına ziddir».
Bunu hüquqşünas-ekspert Ələsgər Məmmədli «Turan»ın müxbiri ilə söhbətində bildirib.
Ə.Məmmədli deyib ki, bu, Konstitusiyanın pozuntusudur: «Qəbul imtahanlarına görə ödənişin tətbiq olunması dövlətin Konstitusiya ilə müəyyən edilmiş sosial funksiyalarına ziddir. İmtahanların verilməsi üçün alternativ pulsuz imkanlar olmadan pullu sistemin tətbiqi Azərbaycan Konstitusiyasını pozur».
Buna da bax: Nazir qəbul imtahanlarının ödənişli olmasından danışdı
Ə.Məmmədli bildirib ki, abituriyentlər hazırda 2 manat rüsum ödəyirlər. Onun qənaətincə, abituriyentlərin sayının çox olması nəzərə alınsa, bu, test müsabiqələrinin keçirilməsi üçün yetərlidir.
«25 MANATDAN GÖTÜRSƏK, 2.5 MİLYON MANAT EDİR»
İqtisadçı-ekspert Natiq Cəfərli də imtahana görə ödənişi əsassız sayır: «Hər il 100 min nəfər qəbul imtahanı verir, bir nəfər üçün 25 manatdan götürsək, ümumi xərclər 2.5 milyon manat edir. Hakimiyyət «Formula-1» yarışları kimi lazımsız tədbirə üzvlük haqqı olaraq 100 milyon manat xərcləyib. Bu məbləğə 40 il ərzində pulsuz qəbul imtahanları təşkil etmək olar».
N.Cəfərli Almaniya ilə müqayisə apararaq bildirib ki, ötən ildən bu ölkədə ali təhsil tamamilə pulsuz olub. Bu, alman dilini bilən əcnəbilərə də aiddir: «Bax, buna görə də Almaniya «Mercedes» avtomobilini buraxır, biz isə bu avtomobilin təkərini qara rəngə boyayırıq».
Buna da bax: ‘Daha bunun nəyi pulsuz təhsil oldu?’
İyulun 13-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, dövlət qulluğu, buraxılış imtahanları, attestasiya pulsuz, qalan imtahanlar pullu olmalıdır.
«İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək», – Şura sədri bildirib.
Onun sözlərinə görə, müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat, bəzi imtahanlarda daha çox pul xərcləyir.