Adambaşına düşən xarici borc 1 225 manat təşkil edir
Azərbaycanın xarici dövlət borcu 1 iyul 2017-ci il tarixinə 7 milyard 172,6 milyon ABŞ dolları ( və ya 12 milyard 208,5 milyon manat, xarici dövlət borcunun ümumidaxili məhsula (ÜDM) olan nisbəti isə 18,9% təşkil edib. Bu borca hökümətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcları əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, AYİB, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və beynəlxalaq maliyyə bazarlarında yerləşdirilən qiymət kağızlar vasitəsilə cəlb edilib. Maliyyə Nazirliyinin açıqladığı göstəricilərə baxsaq xarici dövlət borcu 2017-ci ilin ilk 6 ayında 3,7% və ya 257,4 milyon ABŞ dolları ( və ya 437 milyon manat) artmışdır. Beləliklə adambaşına düşən xarici borcun həcmi 720 ABŞ dolları (1 225 manat ) təşkil edir.
Dövlət borcu daha da artacaqdır
Beynəlxalq layihələrin icrasıyla bağlı xüsusilə “Cənub Qaz Dəhlizi”nin tikintisi ilə əlaqədar beynəlxalq maliyyə təşkilatlarından yeni kreditlərin cəlb edilməsi davam edəcək ki, bunun nəticəsində dövlət borcu daha da artacaqdır.
Göründüyü kimi bir vaxtlar xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisinə görə MDB məkanında ən yaxşı mövqedə dayanan Azərbaycan bu üstünlüyü itirməkdədir. Burda narahatlıq doğuran məqam xarici borcların ümumi məbləğinin artması deyil, həm də dövlət zəmanətli borcların səmərəsiz istifadəsinə görə onun qaytarılması yükünün son nəticədə dövlət büdcəsinin dolayısıyla sadə vətəndaşın üzərinə düşməsidir. Neft gəlirlərinin kəskin aşağı düşməsi, qeyri-neft sektorunda inkişafın olmaması fonunda xarici dövlət borcunun durmadan artması gələcəkdə daha ağır nəticələrə gətirib çıxara bilər. Hələ də mövcud olan korrupsiya, kölgə iqtisadiyyatı, inhisarçılıq ölkənin maliyyə təhlükəsizliyinə bu gün ciddi zərər vurur. Artan borcları isə gələcək nəsillər ödəməli olacaq. Beynəlxalq maliyyə institutlarından cəlb edilmiş kreditlər hər bir halda qaytarılmalıdır. Onsuzda son 3 ildir müşahidə olunan iqtisadi krizis, baş verən devalvasiyalar, Beynəlxalq Bank sindromu həmçinin ölkədəki siyasi mühit ölkənin reytinqinə ciddi təsir göstərmişdir.
Maliyyə Nazirliyi xarici dövlət borcunu tam açıqlamır?.
Hesablama Palatası hökümətə irad tutaraq bildirir ki, o dövlət zəmanətlərinin reyesterində olan borc öhdəliklərinin bir hissəsini dövlət borcu kimi göstərməyib. Burda söhbət “Azərbaycan Dəmir Yolları” QSC, “Baku Bus”MMC, “Azərişıq” ASC və.s.təşkilatların borc öhdəliklərindən gedir. Borcun məbləği isə açıqlanmır.
Zamiq Şükürov
iqtisadçı-ekspert