Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Bakının mərkəzində partlayış: Bir nəfər xəsarət alıb-yenilənib

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 kvadratmetr olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb.
Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Bakı metrosunun “28 May” stansiyasının yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində partlayış olub.
İstiqlal.az xəbər verir ki, qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.
Qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra rəsmi məlumat yayılacaq. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.
“Report”un xəbərinə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.
Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir