
Sözügedən 10 nəfər şikayətçi arasında AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın üzvləri Məhəmməd Məcidli, Babək Həsənov, Ağ partiyanın sədri Tural Abbaslı, Müsavat partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil, gənc fəallar Cəmil Hacıyev, Məcid Məcidli də var.
“Ərizəçilərdən beşinin iki şikayəti olub. Avropa Məhkəməsi ərizəçilərin Konvensiya ilə təminat verilən bir sıra hüquqlarının pozulduğunu təsdiqləyib. Ərizəçilərdən 10-nun hüquqlarını mən müdafiə eləmişəm, Vidadi İsgəndərlidən başqa. Mənim apardığım işlər üzrə Avropa Məhkəməsi 125 min 70 avro kompensasiya müəyyənləşdirib ki, bunun da 9700-ü hüquqi xidmətlərə görə nəzərdə tutulub. Vidadi İsgəndərlinin şikayəti üzrə 13 min 800 avro kompensasiya təyin olunub. Ümumilikdə, bugünkü qərarlar əsasında Azərbaycan hökuməti ərizəçilərə 138 min 870 avro kompensasiya ödəməlidir”, – Əsabəli Mustafayev bildirib.
Gözəl Bayramlının işində Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, dövlət ona 12 min avro kompensasiya ilə yanaşı, həm də aksiyada iştiraka görə cərimələnib ödədiyi pulu (1900) ödəməlidir.
Qalan ərizəçilərdən Məcid Məcidliyə 9 min, Bayram Bayramov və Məhəmməd Məcidlinin hər birinə 10 min, Babək Həsənov, İkram İsrafil, Tural Abbaslı, Hikmət Ağayev və Rövşən Quliyevin hər birinə 12 min, Cəmil Hacıyevə 12470 avro kompensasiya verilməsi müəyyənləşdirilib.
Avropa Məhkəməsinin Azərbaycanla bağlı qüvvəyə minmiş bir sıra qərarlarının icra olunmaması, ərizəçilərə kompensasiyaların ödənilməməsindən danışan Əsabəli Mustafayev deyir ki, hökumət bu məsələdə çox uzağa gedə bilməyəcək. Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarının icrası ölkə üçün məcburidir. Bu məsələ ilə əlaqədar şikayətlərin sayı artsa, qərarların icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin sərt qərarları ortaya çıxa bilər.