Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Dəniz estakadalarından imtina etmək lazımdır”

“Xəzərdə dəniz estakadasının uçması nəticəsində insanların həlak olmasına görə, məsuliyyət təhlükəsiz əmək şəraiti yaratmaq öhdəliyi daşıyan işverənin üzərinə düşür”.

Bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Xəzər dənizindəki qəzanın səbəblərindən bəhs edən M.Qəhrəmanlının sözlərinə görə, 150 metr uzunluğu olan estakada qəza vəziyyətində idi. Ya sökülməli, ya da əsaslı yenidənqurma işləri aparılmalı idi.

“Məhz qəza vəziyyətində olan estakada ona bitişik, içərisində 10 neftçi olan yaşayış vaqonunu da arxasınca çəkib. Əmək Məcəlləsinə əsasən, vəziyyətə ictimai nəzarəti həmkarlar ittifaqları həyata keçirməlidir. Amma Azərbaycanda həmkarlar ittifaqları işverənə xidmət edir. 80 min nəfərdən ibarət Neft və Qaz Sənayesi Həmkarlar İttifaqları Komitəsinin öz saytı belə yoxdur”, o deyib.

M.Qəhrəmanlı qeyd edib ki, əmək müfəttişliklərinin real səlahiyyətləri yoxdur.

“Hələ SOCAR müəssisələrində nəzarətin həyata keçirilməsini demirəm. İnsanların ölümünə səbəb olan qəzalar cəzasız qalır. 2015-ci ilin dekabrında “Günəşli” yatağındakı platformada 30 neftçinin həlak olduğu yanğından sonra heç kim məsuliyyətə cəlb olunmayıb”.

M. Qəhrəmanlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə işlərində səriştəsizliyə yol verdiyini düşünür.

“İndi qəza az sulu yerdə baş verib. Amma xilasetmə işləri səriştəsiz keçirildiyinə görə, çox sayda texnika və canlı qüvvə cəlb olunmasına baxmayaraq, dənizçilərin cəsədlərini tapa bilmirlər”, deyə o bildirib.

M. Qəhrəmanlı dənizdə estakadalardan tamamilə imtinanın və dərin sulu platformalara keçməyin zəruri olduğunu hesab edir:

“Digər tərəfdən, son illər estakadalarda qəzaların səbəbi rəhbərlərin məsuliyyətsizliyi, təmir işlərinə ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsidir”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir