Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Rasimin ölümündə ən böyük cinayətkar odur”

Ölən jurnalistin iş yoldaşı İlham Əliyevi cinayətkar sayır

Avqustun 8-də jurnalist Rasim Əliyevə qarşı ağır cinayət hadisəsi baş verdi. Həmkarımızın Facebook səhifəsində yazdığı statuslara görə, fiziki zorakılığa məruz qoyulması və aldığı bədən xəsarətlərindən sonra dünyasını dəyişməsi heyrət içində təəssüf doğurmaya bilmir. Məsələ ilə bağlı bəzi siyasətçilər və jurnalistlər ortaya şox kəskin mövqe qoyurlar. Yeni Müsavat qəzetinin əməkdaşı Məhəmməd Türkmən Rasim Əliyevin öldürülməsinə belə münasibət bildirib: “Jurnalistin döyülməsi, fiziki zorakılığa məruz qalması, öldürülməsi bütün cəmiyyət tərəfindən qınanmalıdır. Jurnalistlərə ilk növbədə cəmiyyətin müdafiəsi, onların dəstəyi zəruridir. Bu baxımdan Azərbaycan cəmiyyəti Rasim Əliyev olayına kifayət qədər adekvat reaksiya verdi. Eyni zamanda dövlət qurumları, siyasi rəhbərlik istintaqın aparılması, təqsirləndirilən şəxslərin həbs edilməsi ilə bağlı operativ addımlar atdılar. Yəni dövlət və iqtidar üzərinə düşəni etdi. Rasim Əliyevin öldürülməsi hadisəsi barədə müxtəlif fikirlər səslənə bilər. Şübhəsiz ki, bizlər jurnalistin ölümündə bu və ya digər formada iştirak etmiş hər kəsi qınayırıq. Onlar mütləq cəzalarını almalıdırlar. Heç kim kənarda qalmamalıdır”.

Mərhum Rasim Əliyevin iş yoldaşı, Obyektiv TV-nin keçmiş işçisi Roman Məmmədov isə daha sərt fikir bildirib. O, facebook profilində yazdığı stausda bu məsələdə birbaşa Prezident İlham Əliyevi ittiham edib: “Cinayətkarlar mütləq həbs edilməli və cəzalanmalıdır. Lakin mən buna inanmıram. Çünki cinayətkarların başında birbaşa İlham Əliyev dayanır. Ən böyük cinayətkar odur. Rasimi o öldürməsə də, onun onillərdi nazir postu tutan məmurlarına bağlı cinayətkar şəbəkə öldürüb. Bu cinayətkar şəbəkələr nazirlərinə, nazirlər də Prezident İlham Əliyevə arxalanır. Onda bu cinayətin başında kimdir? İlham Əliyev deyilmi?” – deyə çox sərt danışıb. Sonda iş yoldaşının ölümündən çox təsirlənən Roman Məmmədov belə yazıb: “Rasimi də öldürdülər. Emin Hüseynovun Azərbaycanı tərk etdiyi günlə eyni tarixdə. Daha ölümdən qorxmağa dəyməz. Çünki dünyada ədalət qalmadı. İlham Əliyev, əzraillərini mənim də üstümə göndər”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir