Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Putin Azərbaycana pul üçün gəlir

putin-bakida2Rusiya prezidenti Bakıya səfərinin iqtisadi niyyətlər güddüyü mesajını verib

“Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun. Orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin”.

Bunu AzərTAc-a müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

V.Putin qeyd edib ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu, indiyə qədər atəşkəsin əsasını təşkil edir: “2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk, hələlik, yeganə sənəddir. Bu il aprelin əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb”.

“Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməlidir”

V.Putin vurğulayıb ki, Rusiya Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır: “Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir. Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq”.

Rusiya prezidentinin deməsinə görə, elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın: “Güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun. Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır”.

“Rusiya Dağlıq Qarabağ münaqişəsini inhisara almaq istəmir”

V.Putin deyib ki, Rusiya heç də Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışmır: “Bu, yanlış təsəvvürdür. Rusiya prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, – onların sayı iyirmidən çoxdur, – münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır. Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər. Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə Ilham Əliyevin və Serj Sərkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransa Xarici Işlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Harlem D’sir dəvət ediliblər. Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmasına birgə səylərlə kömək edə biləcəyik”.

“Ticarət əlaqələri milli valyutalarla aparılsın”

Putin müsahibəsində eyni zamanda iki ölkə arasındakı iqtisadi əlaqələrə də toxunub. O bildirib ki, Rusiya və Azərbaycan aralarında olan əmtəə dövriyyəsində hələlik dönüş edə bilməyib: “Dünya iqtisadiyyatının mürəkkəb, əlverişsiz konyunkturu həqiqətən bizim işgüzar əlaqələrə də təsir göstərib. Bununla belə, Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Azərbaycan Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya isə Azərbaycan mallarının idxalında liderlik edir.

Federal Gömrük Xidmətinin məlumatına görə, 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollar ilə müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb. Bu il vəziyyətdə hələlik dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır.

Düşünürük ki, bizim bazarda tələbat duyulan Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının, həmçinin Rusiyadan Azərbaycana əkin sahələrinin genişləndirilməsi üçün zəruri olan gübrə və kənd təsərrüfatı texnikası ixracının artırılması qarşılıqlı ticarətin genişlənməsində mühüm rol oynaya bilər”.

Putin eyni zamanda bir sıra iqtisadi layihələri ilə bağlı təkliflərlə də çıxış edib: “Hesab edirik ki, ”Uralvaqonzavod”dan Azərbaycana dəmir yolu nəqliyyatı göndərilməsi, “Krasnoye Sormovo” zavodundan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi və çatdırılması, Rusiyanın “R-Farm” şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək. Nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər. Bu sahələr elə indi əmtəə dövriyyəsinin ümumi göstəricilərinə təxminən 20 faiz – 0,5 milyard dollar əlavə edir”.

Putin dəmiryolları ilə bağlı da müəyyən təkliflər edib: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Iran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tamdəyərli istifadə edilməsi üçün yeni perspektivlər açılır.

Rusiya Ticarət-Sənaye Palatası nəzdində təşkil edilmiş Rusiya-Azərbaycan Işgüzar Şurası çərçivəsində ölkələrimizin biznes dairələri arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini vacib sayırıq. Ümidvarıq ki, Azərbaycanda da analoji qurum yaradılacaq.

Əmtəə dövriyyəsinin azalması fonunda dövlətlərimizin investisiya sahəsində əməkdaşlığı tamamilə sabit inkişaf edir. Bu gün Rusiyanın 600-ə yaxın şirkəti, o sıradan yüz faiz Rusiya kapitalı əsasında işləyən iki yüzə yaxın şirkət Azərbaycan bazarında fəaliyyət göstərir. Eyni zamanda, Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır”.

Putin vurğulayıb ki, hazırda ölkələrimizin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. “Biz bu şirkətlərin qarşılıqlı hesablaşmalarının milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması işini davam etdirəcəyik. Şübhəsiz ki, ikitərəfli ticari-iqtisadi əlaqələrdə bugünkü mənfi hallar müvəqqəti xarakter daşıyır. Əminik ki, biz tərəfdaşlar kimi sıx birgə fəaliyyət göstərməklə qarşılıqlı ticarəti davamlı artım trayektoriyasına çıxara biləcəyik”, deyə Putin vurğulayıb.

Putinin mesajları nəyə hesablanıb?

Siyasi ekspertlərin fikrincə, Putinin Qarabağ tənzimlənməsinin tərəflərin mövqeyindən asılı olmasını qeyd etməsi bu vaxta qədər Rusiyanın mövqeyi ilə bağlı səslənən fikirlərin həqiqət olduğunu göstərir. Dəfələrlə bildirilib ki, Rusiya bu konfliktin həllində maraqlı deyil. Bunun başlıca səbəbi Rusiyanın məhz bu konflikt vasitəsilə regionda gücünü qoruyub saxlamasıdır. Rusiya məhz bu konflikti yaratmaqla hələ də Qafqaz regionundakı proseslərə ciddi təsir imkanını saxlayır. Son bir il ərzində Azərbaycan hakimiyyətinin Rusiyanın işğal altında olan bəzi rayonları Azərbaycana qaytarması ilə bağlı təbliğatını Putin müsahibəsi ilə alt-üst etdi.

Rusiya prezidenti nizamlanmanın məsuliyyətini tərəflərin üzərinə qoymaqla ölkəsinin problemin həllində birtərfli qaydada iştirakını istisna etməklə Minsk qrupuna daxil olan ABŞ və Fransa ilə faktiki eyni mövqeydən çıxış etməyi davam etdirəcəyini bildirir.

Intervüdə Rusiya prezidenti Azərbaycan-Rusiya iqtisadi münasibətlərinə böyük əhəmiyyət verdiyini açıq şəkildə bildirir. Putin bu məsələyə xüsusi diqqət verdiyini göstərərək, səfərinin daha çox ticarət və iqtisadi niyyətlər güdməsi mesajını verir. Qərbin tətbiq etdiyi sanksiyaların ağır nəticələri indi Rusiyanı hətta Azərbaycanla iqtisadi münasibətlərə böyük əhəmiyyət verməyə məcbur edir.

Xəyal

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir