Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət İctimai Siyasət Xəbərlər

Elçibəyin ölümündən 21 il ötür

Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri , daha sonra Azərbaycan prezidenti olan Əbülfəz Elçibəyin ölümündən 21 il ötür.

Bu gün, avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il keçir.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində doğulub.

Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, elə SSRİ dönəmində – 1975-ci ilin yanvarında millətçi və antisovet təbliğatı aparmaqda günahlandırılaraq həbs edilib.

Bir il sonra 1976-cı il iyulun 17-də azadlığa çıxıb. Həmin vaxt onun, Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edildiyi bildirilir. Ə.Elçibəy Azərbaycan Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü ilin iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirmək məcburiyyəti qarşısında qalıb. Həmin il iyunun 17-dən 18-nə keçən gecə Ə. Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.Həmin il ölkədə hakimiyyət dəyişikliyi baş verib.

Buna görə, tərəfdarlarından onu qınayanlar olmuşdu, amma Ə.Elçibəy bu addımını vətəndaş müharibəsindən yayınmaq kimi izah etmişdi. O, 2000-ci il avqustun 22-də 62 yaşında vəfat edib. Ə.Elçibəy vəfatı ərəfəsində Türkiyənin Gülhanə hərbi hospitalında müalicə alırdı.

Onun birillik hakimiyyəti daha çox ölkənin təhsil ocaqlarına qəbulda test üsulunun tətbiqi və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ilə xatırlanır.

Amma 2020-ci ildə, yenidən Rusiya qoşunları sülhməramlı kimi Azərbaycana gəlib. Həmin il 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir