Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Siyasi mühacirin bacısı xəstəxanaya götürüldü.Hamilə qadının uşaq itirməsi qaçılmaz kimi görsənir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə Avropada siyasi aksiyalar keçirən aktivistlərin ailə üzvlərinə qarşı təzyiqlər və təhditlər davam etməkdədir. Baş verənlərlə bağlı bu günlərdə DAS təşkilatının koordinatoru Rafiq Təmrazov özünün facebbok səhifəsində məlumat verilmişdir.  https://web.facebook.com/rafiq.tamrazov/posts/3178483148846270

Bundan başqa alınan məlumatlara görə dekabrın sonlarından bir neçə nəfərin ailə üzvləri müxtəlif formalarda təzyiqə məruz qalmışlar. İlkin araşdırmadan sonra məlum olmuşdur ki, bu təzyiqlərə səbəb həmin siyasi mühacirlərin 14 yanvar 2020-ci il tarixdə Almaniyanın Berlin şəhərində Heydər Əliyevin heykəlinin götürülməsilə bağlı aksiyalar təşkil etmək niyyəti olmasıdır. Mühacirlər iddia edir ki, siyasi hakimiyyətin diktəsilə onların ailə üzvlərinə və yaxınlarına təzyiqlər göstərilir.

Əslən Cəlilabaddan olan “Müsavat” partiyasının və DAS təşkilatının üzvü Elbəyi Dadaşov bildirmişdir ki, mitinqin elanını paylaşdıqdan sonra onun qaynatasi İman Quliyev Cəlilabad rayonu polis şöbəsinə dəvət edilmiş və burada rəis Mübariz Quliyev və onun müavini Rövşən Quliyev tərəfindən təhdit edilmişdir. İ.Quliyevə bildirilmişdir ki, əgər E.Dadaşov bu mövqeyindən çəkilməsə onun yaxınlarına çətin olacaq və bütün yaxınları işdən çıxarılacaq. E.Dadaşovun bildirdiyinə görə ona qaynatası, qardaşı və digər qohumları xəbərdarlıq etmişlər ki, mitinqin elanını yığışdırsın və sakit dayansın. Daha sonra mühacirin Rusiyada yaşayan qardaşı Mehman Dadaşov yaşadığı şəhərdə Polis şöbəsinə çağırılmış və sənədlərinin qaydasında olmadığıyla bağlı ona xəbərdarlıq edilmişdir. M.Dadaşov da Almaniyayla əlaqə saxlamış və E.Dadaşova bu kimi fəaliyyətdən uzaq durmağı tövsiyyə etmişdir.

Müsəlman Birliyi Hərəkatının üzvü Ziya Əhədov da bildirir ki, təqribən yanvarın 11-dən başlayaraq onun bütün qohumlarına təzyiqlər başlanmışdır: “Atam Əhədov Qismətəlini Akif adlı polis əməkdaşının çağırışıyla polis şöbəsinə apardıqdan sonra, evdə anamla söhbət etməyə gəlmişlər. Bu,anama və digər ailə üzvlərimə çox pis təsir etmişdir. Anam xüsusilə atamla ilgili narahatçılıq keçirmişdir. Bundan başqa qaynatam Cəfərov Vəli və qaynım Cəfərov Gündüz, o cümlədən bacımın yoldaşı Əfəndiyev Asif və bacanağım Hüseynov Kamran ciddi cəhdlə İmişli rayon polisinə çağırılmışlar.  Yaxın qohumlarımdan birinə universitetdən qovulacağı haqqında xəbərdarlıq edilmiş, ikinci dərəcəli qohumlarıma isə bildirilmişdir ki, 14 yanvarda Berlində heykəlin götürülməsi tələbli aksiya keçrilərsə işdən şıxarılacaqsınız”-Ziya Əhədov bildirdi. Eyni zamanda Ziya Əhədov bildirdi ki, özündən savayı qardaşı Elsevər Əhədovun da qaynı və qaynatası polisə dəvət edilmiş və qaynı bir gün polisdə saxlanılmışdır.

Z.Əhədov bacısının və digərlərinin durumundan narahatlıq keçirdiyini və bundan sonra yüksək təzyiqlə özünün də xəstəxanaya müraciət etdiyini bilirdi: “Bütün qohumlar zəng edərək dedilər ki, polisdə bizə bildirdilər ki, sən öz əməlindən əl çəkməsən bizi bir ailə olaraq vətən xaini adlandıracaqlar. Eyni zamanda bildirdilər ki, bacım Əfəndiyeva Şəbnəm dörd aylıq hamilə vəziyyətdə ağır stress altında xəstəxanaya yerləşdirilmiş və bu gün də uşağını itirmək təhlükəsilə üz-üzə qalmışdır. Bundan sonra mən də yüksək təzyiqlə yaşadığım ərazidəki xəstəxanaya müraciət etdim və iki gün müalicə aldım”.

Siyasi mühacirlərdən Aydın Səfərov bildirir ki, “artıq bir neçə ay əvvəl valideynlərinin ondan imtina etməsinə baxmayaraq 11 yanvar günü Sumqayıt Şəhər Polis İdarəsindən kapitan Xəlilov telefonla zəng edərək atam Adil Səfərovu  polisə dəvət ediblər və bildiriblər ki, heykəlin götürülməsi aksiyasını yığışdirmaq lazımdı, yoxsa sizin üçün yaxşı olmayacaq: “Atam deyib ki, mənim sözüm Aydına təsir etmir və mənimlə heç bir əlaqəsi yoxdur. Bundan sonra iki nəfər polis əməkdaşı evə gələrək mənim ailə üzvlərim, həyat yoldaşımın ailə üzvləri haqqında məlumat alıblar və anama da bildiriblər ki, belə getsə sizin ailəniz vətən xaini adı alacaq. Bundan sonra anam bizə təhqir dolu sözlər yazıb”.

Almaniyada yaşayan və mitinq təşkilatçılarından olan Elşə Hüseynovun da ailə üzvləri Xaçmaz şəhərində eyni aqibətlə üzləşib. E.Hüseynov bunları bildirdi: “10 yanvar günü Xaçmaz rayon polis şöbəsinin iki əməkdaşı evə gəlib və özlərini təqdim etmədən qardaşım Əhməd Hüseynovla mənim buradakı fəaliyyətimlə bağlı söhbət aparıblar. Ona bildiriblər ki, Elşən Almaniyada nə işlə məşğul olur və ümummili liderlə bağlı yaramaz işlər görür. Ailə üzvlərimizin siyahısını alıblar. Bu artıq 2-ci dəfədir. Eyni zamanda qardaşıma bildiriblər ki, Elşənə çatdırın ki, vətənimizə, dövlətimizə qarşı yaramaz işlərlə məşğul olmasın, həm sizin, həm də xalqımızın adına ləkədir”.

Digər siyasi mühacir Səbuhu Hümmətov bildirir ki, 11 yanvar günü onun Oğuz rayonunda yaşayan əmisi Elşən Hümmətova polisdən zəng ediblər və Səbuhinin harda olması və nə işlər görməsilə maraqlanıblar.  Daha sonra S.Hümmətovun atasına zəng edilib və bütün ailə üzvlərinin siyahısı istənilib. S.Hümmətov bildirir ki, mən ailə üzvlərimlə çox nadir hallarda əlaqə saxlayıram: “Artıq bu və bu kimi təzyiqlər bir neçə dəfə baş verdiyindən mən demək olar ki, yaşlı valideynlərimlə əlaqə saxlamağa çətinlik çəkirəm. Çünki, onlar özlər mənimlə əlaqə saxlamağa maraq göstərmirlər. Bütün bunlar Azərbaycanda qeyri-demokratik mühitin olmasının göstəricisidir”.

Almaniyada keçirilən mitinqlərdə öz aktivliyi ilə seçilən Elşən Abdullayevin isə 11 yanvar tarixində atası Adil Abdullayev, qardaşı Tofiq Abdullayev və kürəkəni Sadiq Ağalarov Sumqayıt şəhər Polis İdarəsinə çağırılıb. İdarədə bildiriblər ki, Elşən Abdullayev mitinqlərə təşkilatçılıq edir, “youtube”sosial şəbəkədə çıxışlar edir və s: “Atama bildiriblər ki, get oğlunla məşğul ol və başa sal ki, bu işlərin axırı nə onlar, nə sizin üçün yaxşı olmayacaq. Bazar günü, yəni ayın 12-də isə yenidən atam idarəyə çağırılıb ki, məsələni həll etdinmi?  Atamgil çox gərginlik keçirirlər, polisin kimliyi, onları təhdit edənin hansı vəzifə daşıdığı barəsində məlumat vermədi. Azərbaycandakı digər qohumlarla əlaqə saxladığım zaman yaranan gərginlikdən hiss edirəm ki, atam ciddi təhdit olunub və o hər şeyi danışmır”.

Xatırladaq ki, bütün bu təzyiqlər 14 yanvar 2020-ci il tarixdə Almaniyadakı siyasi mühacirlər tərəfindən Berlin şəhərində Rusiya, Gürcüstan və Ukrayna səfirlikləri önündə mərhum prezident Heydər Əliyevin bu ölkələrdəki heykəlinin götürülməsi tələbilə keçiriləcək mitinq ərəfəsində baş verib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir