Demokratik Qüvvələrin Milli Şurası 19 yanvardan sonra ilk dəfə Bakıda razılaşdırılmamış aksiya keçirdi. Hakimiyyətdə təlaşa səbəb olan aksiya zamanı Bakının mərkəzində bir neçə saat yollar bağlandı, metronun fəaliyyəti dayandırıldı, internet kəsildi, onlarla adam saxlandı və müxalifət liderlərinə qarşı görünməmiş polis zorakılığı göstərildi.
19 oktyabr aksiyası bir daha göstərdi ki, Azərbaycan xalqının böyük kəsimi hakimiyyətin siyasəti ilə razılaşmır və sərbəst toplaşmaq azadlığını “tam qadağan edilməsi ilə razılaşmır. Və razılaşmayacaq da. Ölkədəki etirazçı kəsimin social sifarişi əsasında keçirilən aksiya vətəndaşların əlindən alınan konstitusion hüquqların bərpası üçün inadkarlıqla mübarizə aparacağını sübut etdi. Hakimiyyətin xalqla hesablaşması və xalqın mübarizə əzmini göstərmək üçün də aksiyanın böyük siyasi mahiyyəti vardı. Ən əsası isə hakimiyyət bu aksiya ilə cəmiyyətdə çox böyük etiraz potensialının olduğunun şahidi oldu və xalqda da özünəgüvəni artirdı.
Aksiyanın siyasi nəticəsi isə oldu ki, cəmiyyəti oyandırmaq və camaata təkan vermək lazım idi, müxalifət də bunu qismən də olsa bacardı. Belə ki, ölkədə narazılıq çoxdur. Ona görə də çəkinmədən narazılıqları bildirmək lazımdır. Cəmiyyətdən də müxalifətə gözləniləndən daha çox reaksiya oldu. Hakimiyyət bu qədər çox adamın küçələrə çıxacağını gözləmirdi. Xüsusən də siyasi tələbi olmayanlar, qadınlar. İndiyə qədər heç bir razılaşdırılmamış aksiyada bu sayda zərif cinsin nümayəndəsi olmamışdı. Onlar kifayət qədər kəskin şəkildə narazılıqlarını bildirirdilər. Bütün bunlar isə o deməkdir ki, camaatın çox böyük problemləri var və hakimiyyət də bunları həll etmək istəmir.
Hakimiyyətin də 19 oktyabr aksiyasından çıxarmalı olan nəticələr var. Belə ki, aksiya günü çox sayda polis qüvvələrinin küçəyə çıxarılmasını, metrostansiyaların bağlanılmasını, günlərdir anti-müxalifət təbliğatının aparılmasını müxalifətin sosial dəstəyinin olmasının göstəricisi sayılır. İcazəsiz aksiyaya bu qədər insanın çıxması, həbs və cəza təhlükəsinə baxmayaraq, ortaya iradə qoyulması özü də müxalifətə sosial dəstəyin mövcudluğunun nümayişidir. Bütün bunlar isə Azərbaycanın avtoritar idarəçiliyinin möhkəmlənməsinə mane olan, onu zəiflədən, sarsıdan faktordur…
Şirzad Babayev