Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm İnsan haqları Siyasət Xəbərlər

QHT rəhbəri həbs edilə biləcəyini bildirdi

O.Abbasov: “Əliyev rejiminin sifarişilə məhkəmə həbsimə qərar verəcək”

Demokratik Düşüncə Mərkəzi İctimai Birliyinin sədri Orxan Abbasov onun həbs edilə biləcəyilə bağlı mətbuata məlumat verib. Belə ki, O.Abbasov bildirir ki, iki ildən artıq davam edən basqı və təzyiqlər kuliminasiya nöqtəsinə çatıb: “2014-cü ildən QHT-lərə və onların rəhbərlərinə qarşı başlayan repressiyalar bu gün də davam edir. Vaxtilə İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov və s. fəallar həbs edildilər və bəziləri də ölkəni tərk etmək məcburiyyətində qaldı. Mən də elə o vaxtdan başlayaraq həmişə təzyiqlə üz-üzə almışam”.

O.Abasov dəfələrlə hakimiyyətə və siyasi rejimə qarşı tənqidi fikir dediyinə görə təzyiqlərə məruz qaldığını bildirdi: “2015-ci ildə heç bir səbəb olmadan 10 sutka həbs cəzası aldım. Dəfələrlə polis bölməsinə çağırılmışam. İşgəncə və təhqirlərə məruz qalmışam. Lakin siyasi rejim məni yenə də təqib etməkdə davam edir. Çünki, mən siyasi rejimin Azərbayan cəmiyyətinə sırımaq istədiyi yalanlara qarşı öz fikrimi deyirəm və bu o yalançıların xoşuna gəlmir”

QHT rəhbəri sonda bildirdi ki, indi vəziyyət daha acınacaqlıdır və o hər an həbs oluna bilər: “Hal-hazırda vəziyyət daha kritikdir. Belə ki, aldığım məlumatlar və Azərbaycan cəmiyyətində baş verənlər onu göstərir ki, mən hər an həbs oluna bilərəm. Əlavə edim ki, mənim növbəti həbsim inzibati qərarla 10 və ya 15 sutkayla deyil, cinayət işiylə yekunlaşacaq. Çünki, bu gün mənim cinayət işimə zəmin hazırlayıblar. Əvvəl 10 sutka həbs ediblər. Polis şöbələrində dəfələrlə izahat alıblar və s. Artıq mən məhkəmənin qarşısına “cinayətəmeylli” bir adam kimi çıxarılacağam. Eyni zamanda onsuz da Azərbaycanda müstəqil məhkəmələr yoxdur və onlar siyasi hakimiyyətin göstərişlərini yerinə yetirirlər”.

O.Abbasov sonda bildirdi ki: “Mən ictimaiyyətin dəstəyinə güvənirəm və hesab edirəm ki, müstəqil media mənim arxamda duracaq, o cümlədən vətəndaş cəmiyyəti. Nə qədər ki, Əliyev rejimi hakimiyyətdədir, müstəqil insanların bu cəmiyyətdə azad söz deməsi mümkün deyil. Çünki, diktatura rejimində demokratik ənənələr qeyb olur”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir