Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Natiq Cəfərlinin həbsini pisləyən bəyanatlar yayılıb

REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsini pisləyən bəyanatlar yayılmaqdadır.

Rəsmi qurumlar icra katibinin həbsi ilə bağlı hələ məlumat və ya şərh yaymayıb.

Bununla yanaşı, ictimai xadimlər, bir sıra siyasi qurumlar həbsi pisləyən bəyanatlarla çıxış edib.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Facebook səhifəsində yazır ki, Natiq Cəfərlinin həbsi onun alternativ və tənqidi firkirləri, fəal ictimai-siyasi fəaliyyəti ilə əlaqəlidir.

“Hesab edirəm ki, bu yalnız ona deyil, bütövlükdə müstəqil düşüncə sahiblərinə qarşı atılan növbəti addımdır. Odur ki, bu həbsi pisləyir, Natiq Cəfərlinin həbsdən azad edilməsi üçün bütövlükdə demokratik düşərgəni, ilk növbədə də müstəqil iqtısadçıları həmrəyliyə dəvət edirəm”, İbadoğlu qeyd edir.

Müsavat Partiyasının başqanı Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı

Müsavat Partiyasının bəyanatında deyilir ki, iqtidar hakimiyyəti bir ailənin əlində toplamaq üçün hüquqi bazanı möhkəmləndirmək məqsədi ilə tələm-tələsik, xalq qarşısında heç bir izahat işi belə aparmadan referendum keçirir.

“Referendum kampaniyasının hələ ilk mərhələləri başa çatmamış hakimiyyət repressiya tədbirlərini davam etdirir. Bir gün ərzində ölkədə həyata keçirilən 3 hüquqa zidd hərəkət iqtidarın ölkəni hansı istiqamətdə sürükləmək istədiyini bir daha təsdiqləyir. AXCP üzvü Məsud Rzalının şərlənərək 30 sutkalıq həbs edilməsi, həbsinin əsas səbəbinin AXCP-nin sədri Əli Kərimlinin qaynı olmasının kimsədə şübhə doğurmadığı Elnur Seyidovun həbsxanada ölümlə təhdid olunması və REAL Vətəndaş Hərəkatının rəhbərlərindən biri olan Natiq Cəfərlinin gecəyarısı həbs edilməsi hakimiyyətin referendum qabağı yeni repressiya dalğasına start verdiyini təsdiqləyir”.

Müsavat Partiyası həyata keçirilən repressiyaların referendum ərəfəsində ölkə əhalisində xof yaratmaq cəhdi kimi qiymətləndirir. Bu kimi hərəkətlərin onsuz da baş tutmayacağı gözlənilən referendumun nəticələrinin əvvəlcədən şübhə altına alınmasına əsas verən əlavə faktlar olduğunu bəyan edir.

Əli Kərimli

Əli Kərimli

AXCP sədri Əli Kərimli facebook səhifəsində yazır ki, REAL hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli bu gecə həbs edilib.

“Gecə saat 11-də vəkilsiz keçirilmiş məhkəmə qanunsuz sahibkarlıqda təqsirli bilərək Natiq bəy haqqında 4 ay müddətində həbs qətimkan tədbiri seçib. Natiq bəyin ictimai-siyasi fəaliyyətinə görə həbs edildiyinə əminəm. Bu həbsi siyasi repressiya kimi qiymətləndirirəm və Natiq bəyə azadlıq tələb edirəm!” AXCP sədri qeyd edir.

Əkrəm Həsənov, bank məsələləri eksperti

Əkrəm Həsənov, bank məsələləri eksperti

İqtisadi ekspert Əkrəm Həsənov facebook səhifəsində yazır.

“Natiq Cəfərli kimi iqtisadçının həbsi ilə iqtisadi böhrandan çıxmaq, qeyri-neft sektorunu inkişaf etdirmək mümkün olmayacaq. Əksinə, potensial sahibkarlar, investorlar qorxub qaçacaqlar. Bu, kimə lazımdır axı?!
Mən Natiqi 2008-ci ildən tanıyıram. Vətənini sevən savadlı, əqidəli, cəsarətli, səmimi və prinsipial şəxsiyyətdir. Siyasi baxışlarını bölüşməsəm də onu güclü iqtisadçı hesab edirəm. Beləsini həbs etmək yox, ondan ölkə üçün istifadə etmək lazımdır. Bunun əksini görəndə ölkənin yaxşı gələcəyinə ümid azalır. Çünki gələcəyimiz oğru və savadsız məmurların öhdəsinə buraxılır”, o qeyd edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir