Bu gün səhərə yaxın Bakının Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib. Yanğın yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub. Mərkəzin pasiyentlərinin evakuasiyası başlayıb.
Yanğın zamanı azı bir nəfərin öldüyü məlumdur. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biridir, hazırda onun şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.
Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri də hadisə yerinə cəlb olunublar.Hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib.
Saat 09.00 radələrində informasiya agentlikləri yanğının lokallaşdırıldığı haqda xəbər verirdi. Hələlik xəsarət alanların sayının 3 nəfər oldğu bildirilir, onlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
APA” agentliyi yanğın zamanı 30-a yaxın adamın öldüyünü xəbər verir.
Agentlik Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilə qeyri-rəsmi məlumata istinad edir. Lakin ölənlərin sayı barədə rəsmi açıqlama yoxdur. “Report” isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna 24 cəsədin gətirildiyini xəbər verir.