Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Rüfət Quliyev: Çal-çağır verilişlərinin sayı azaldılsın

Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev çıxış edib. Onun çıxışından bəzi məqamları nəzərinizə çatdırırıq:

İlk növbədə onu bildirmək istəyirəm ki, təqdim olunan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini bəyənir, onun qəbuluna səs verəcək və deputat həmkarlarımı da buna dəvət edirəm.

Qanun layihəsi həmişə olduğu kimi yenə də əhalinin sosial rifahının yaxşılaşmasını nəzərdə tutur və bunu qeyd olunan rəqəmlərdən aydın görmək olar. Xüsusilə yaşayış minimumunun 155 manatdan artırılaraq 173 manat nəzərdə tutulması çox təqdirəlayiqdir.

Qeyd etmək lazımdır ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır.

Nazirliyin məqsədyönlü fəaliyyətindən çox misallar gətirmək olar. Mən rəqəmlər gətirib sizi yormaq istəmirəm. Ancaq görülən əməli işlərə toxunmaq istərdim. Hələ 3 il əvvəl mən bir deputat kimi cənab nazir Səlim Müslümova müraciət etdim ki, Lənkəran şəhərində hər ay keçirdiyim qəbulların birində Nazirliyin yerli qurumlarının hər birindən bir nəfər nümayəndə iştirak etsin ki, bir çox məsələləri yerindəcə həll edək. Cənab nazir dərhal bu təklifimə müsbət reaksiya verib, rayonun yerli qurumlarına yazılı surətdə göstəriş verdi ki, onların nümayəndələri qəbullarda iştirak etsinlər. Artıq 3 ildir ki, biz bu formatda qəbullar keçiririk və bu da seçicilər tərəfindən böyük razılıqla qarşılanır. Çünki qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll olunur, əsassız söz-söhbətlərə son qoyulur.
Bütün bunlardan əlavə mən bir məsələ üzərində xüsusilə dayanmaq istəyirəm. Möhtərəm cənab Prezidentimizin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından sonra Nazirliyin xətti ilə regionlarda xeyli işlər görülmüş və görülməkdədir. Prezidentin ehtiyat fondundan Nazirliyə ayrılmış 6 milyon manat vəsait təyinatı üzrə istifadə olunur. Təmsil etdiyim 73 saylı Lənkəran şəhər seçki dairəsinin ərazisində artıq 29 nəfər bu Proqrama cəlb olunmuş və onlara 145 min manat vəsait ayrılmışdır. Yəni 29 ailə əməli işlə məşğuldur və onlar konkret olaraq heyvandarlıq, quşçuluq, məişət xidməti və digər xidmət sahələri ilə məşğul olur. Bu sahədə rayonda işlər uğurla gedir və genişlənir. Yaxşı olardı ki, bu xeyirxah işə ayrılan vəsait daha da artırılsın və bütün ölkə coğrafiyasını əhatə etsin.

Məlum həqiqətdir ki, yaxın gələcəkdə ünvanlı sosial dövlət yardımları sahəsində islahatlar aparılacaq və özünüməşğulluq proqramına geniş meydan veriləcək.

Hazırki dövrdə Azərbaycan iqtisadiyyatının inkişafında özünüməşğulluq proqramı prioritet məsələlərdən biri olmalıdır. Bu, yeni iş yerlərinin açılmasına, kiçik biznesin inkişafına güclü təkan verən amildir. Dünya təcrübəsində inkişaf etmiş ölkələrdə belə ümumi daxili məhsulun 55-65%-ə qədəri kiçik və orta biznesin payına düşür. Bizdə də kiçik və orta biznes iqtisadiyyatın lokomotivinə çevrilməlidir ki, iqtisadiyyat sürətlə inkişaf etsin. Hesab edirəm ki, bu sahədə Nazirliyin pilot layihələri özünü doğruldub və buna diqqət daha da artırılmalıdır.

Bir məsələni də qeyd etmək istəyirəm. Mən öz çıxışlarımda dəfələrlə məsələ qaldırmışam ki, televiziya kanalları gərəksiz çal-çağır verilişlərinin sayını azaldıb, iqtisadi məsələlərə daha çox yer verməlidirlər.

Yaxşı olardı ki, telekanallarda “Sahibkar saatı”, “Biznes mühiti” və digər rubrikalar altında həftədə heç olmasa bir dəfə verilişlər təşkil edilsin. Fəaliyyətlərində uğur qazanmış sahibkarların, fermerlərin iş üsulları geniş təbliğ edilsin. Mütəxəssis rəyləri, məsləhətləri sahibkarlara, fermerlərə çatdırılsın, beynəlxalq təcrübə barədə onlara məlumatlar verilsin, verilişə telefon zəngləri ilə daxil olan suallar növbəti verilişlərdə cavablandırılsın.

Qanun layihəsinin lehinə səs verir və gələcək fəaliyyətində bu sahə ilə məşğul olanlara yeni-yeni uğurlar arzulayıram.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir