Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Azərbaycan sənədlərinin Almaniyada tanınması- Leqalizasiya prosesi

Elvin Cəbrayılov

Bir çox hallarda müzakirə doğuran mövzu barədə yazmaq qərarına gəldim. Belə ki, Azərbaycanda “dünyaya” gələn sənədlərin Almaniya idarələrində tanınması üçün artıq andlı tərcüməçilərin tərcümə və təsdiqi yetərli olmadığı ehtimal olunur. Bunun cavabı, almanlar demişkən, “Jein”-dır.

  1. İndiyə kimi mövcud olmuş qayda(lar)

Belə ki, Azərbaycan ilə Almaniya arasında dövlət sənədlərinin qarışılıqlı tanınması ilə bağlı dövlətlərarası müqavilə mövcud deyildir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına (Haaqa Apostili) Azərbaycan 2004-cü ildə daxil olsa da Almaniya Federativ Respublikası bizim dövlətin bu konvensiyaya qoşulmasına etiraz etmişdir. Məhz bu səbəbdən həmin bu konvensiya Azərbaycana münasibətdə Almaniya tərəfindən tanınmır.

Almaniyanın Bakıdakı Səfirliyi leqallaşdırma prosessinin şərtlərinin Azərbaycanda yerinə yetirilməməsi səbəbindən Azərbaycan ilə leqallaşdırma prosessini də 2001-ci ildən dayandırmışdır. Leqallaşdırma prosesi o deməkdir ki, Azərbaycandan olan rəsmi sənədlər Almaniya idarələrinə təqdim olunmamışdan öncə Almaniyanın Azərbaycandakı səfirli tərəfindən təsdiq olunurdu və ondan sonra həmin sənədlər Almaniyada tam etibarlı sənəd sayılırdı.

  1. Hal-hazırda mövcud olan qayda

Belə olan halda Almaniya, beynəlxalq praktiki imkandan “Rechts- und Amtshilfe” adlanan institutdan istifadə edir. Öncə onu bildirim ki, “Rechtshilfe” cinayət işləri üzrə, “Amtshilfe” mülki və inzibati işlərdə tətbiq edilir. Bu o deməkdir ki, artıq Almaniyanın Azərbaycandakı səfirliyi Azərbaycandan olan sənədləri hər hansı bir formada təsdiq etmək imkanı yoxdur və bu sizdən də tələb olunmur. Bir qayda olaraq Azərbaycandan olan sənədlər alman məhkəmələri tərəfindən andlı tərcüməçi kimi səlahiyyətləndirilmiş tərcüməçilər tərəfindən tərcümə və ya təsdiq edildikdən sonra etibarlı sənəd forması kimi qəbul olunur (bu sıraya şəxsən mən də daxiləm. Ətraflı məlumat: www.lot-lot.de).  Lakin bununla alman idarələrinin əlindən təqdim olunan sənədlərin doğrulunuğunu yoxlamaq imkanı alınmır. Hər bir alman idarəsi təqdim olunan sənədlərin doğruluğunu yoxlamaq üçün “Rechts- und Amtshilfe” adlanan institutdan istifadə edə bilər. Belə ki, alman idarəsi tərcümə və təsdiqli formada ona təqdim olunan “azərbaycanlı” sənədin doğruluğunu yoxlamaq üçün həmin sənədi və sənədlərlə bağlı suallarını və bir çox hallarda ərizəçinin pasportunun surətini Almaniyanın Azərbaycandakı səfirliyinə göndərir və səfirlik də öz növbəsində ya öz işçi qrupunundan ya da kənar üçüncü şəxslərdən (məsələn hər hansı bir vəkilin xidmətindən) istifadə edərək sənədin doğruluğunu sənədi verən orqanda və ya başqa bir idarədə yoxlatdıraraq alman idarəsinə bununla bağlı xəbər verir, ona göndərilmiş sənədi geri göndərir.  Yenə də bildirmək istəyirəm ki, bir çox hallarda andlı tərcüməçilər tərəfindən tərcümə və təsdiq edilmiş sənədlər alman idarəsini qane edəcəkdir. Yalnız bəzi daha vacib hallarda alman idarəsi yuxarıdakı bildirdiyim yoldan istifadə edəcəkdir ki, belə vacib hallara əsasən evlilik, boşanma, ailə vəziyyəti (evli və ya subay), övladların olması, atalığın tanınması və s.  hallar daxildir. Bavariya, Baden-Württemberg, Brandenburg və Sachsen əyalətlərində məhkəmələrin xüsusi göstərişinə əsasən yuxarıda sadaladığım vacib hallarda sənədin doğruluğunun yoxlanması üçün “Rechts- und Amtshilfe” adlanan institutdan istifadə olunur. Belə olan halda ərizəçi şəxs sənədin doğruluğunun yoxlanılması üçün zəruri olan hərəkətlərdən irəli gələn bütün xərcləri özü qarşılamalıdır və bunun üçün o, öncədən həmin idarənin kassasına müəyyən məbləği ödəməlidir. Bir qayda olaraq ərizəçi 250 – 350 avro ödəməli olacaqdır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir