Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Milli Məclis üzvləri ATƏT PA-nın illik sessiyasında iştirak edəcəklər

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaqlar. 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunan sessiyada Daimi komitənin iclası keçiriləcək, sonra isə Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi olacaq.
Sessiya iştirakçıları plenar iclaslarda günün aktual məsələlərini müzakirə edəcək, ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparacaqlar. Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Təhlükəsizlik və siyasi məsələlər üzrə Ümumi komitələrin iclaslarında bir sıra qətnamə layihələrinə münasibət bildiriləcək.
Qurumun illik sessiyasında Şərqi Avropada vəziyyət, miqrantlar və qaçqınlar problemi təhlil ediləcək. Ölüm hökmünün ləğvi, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpası, Belarusda vəziyyət kimi məsələlər gündəmdə olacaq. ATƏT regionunda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqlim dəyişikliyi şəraitində içməli su ehtiyatlarının mühafizəsi vacibliyi önə çəkiləcək. Terrorizmə qarşı mübarizədə ATƏT-in rolunun gücləndirilməsinə,  müxtəlif dinlərin nümayəndələrinə qarşı diskriminasiya və dözümsüzlüyün yolverilməzliyinə diqqət yönəldiləcək. Uşaqların internetdə cinsi istismara məruz qalmasının qarşısının alınması üçün texnoloji nailiyyətlərdən istifadə vacib sayılacaq. Yeni texnoloji səsvermədən istifadə şəraitində seçkilərin müşahidəsi və digər məsələlərə baxılacaq.
Azərbaycan parlamentinin nümayəndəsi Tahir Mirkişili sessiyada “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” mövzusunda hazırladığı qətnamə layihəsini təqdim edəcək.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak edəcək, müzakirə edilən məsələlərə münasibət bildirəcək, təkliflərini diqqətə çatdıracaqlar.
Səfər iyulun 10-da başa çatacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir