Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Aydın Səfərov: ” Hər şeyin kökündə ümumiyyətlə korrupsiya durur “

Azərbaycanda təhsilin hansı səviyyədə olduğunu  buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri əsasında aparılan təhlillərdən sonra müəyyən etmək çox asandır. Hər il minlərlə şagirdin attestatsız qalması, attestat alanların isə qəbul imtahanlarında biabırçı nəticə göstərməsi, xüsusilə də, orta məktəbi əla qiymətlərlə bitirənlərin qəbulda aşağı bal toplaması  ölkədə təhsilin nə vəziyyətə olduğunu ortaya çıxarır.

Azərbaycan təhsilinin bu günki durumu və perspektivlərini qiymətləndirmək üçün ictimai – siyasi fəal, sahibkar Aydın Səfərovla söhbətləşdik.

–       Aydın bəy, Azərbaycan təhsilinin indiki durumuni bir iş adamı kimi necə qiymətləndirirsiz?

–       Bu günə qədər Azərbaycan təhsilinin inkişafı ilə bağlı müəyyən işlər görülsə də, lazımi nəticə əldə olunmayıb. Xüsusilə də, korrupsiya ilə bağlı məsələlər öz həllini tapmayıb.

İldən-ilə daha da acınacaqlı hal alan vəziyyət müvafiq qurumları narahat etmir. Ancaq Rusiyada buraxılış imtahanlarında əldə edilən nəticəyə reaksiya bu məsələnin nə dərəcədə ciddi olduğunu ortaya çıxarır. Buraxılış və qəbul imtahanlarının nəticələri  Azərbaycan təhsilində dağılmanın baş verdiyini deyir. Orta məktəbi bitirən uşaqların böyük hissəsi “zay məhsula” çevrilir və onların oxumasının heç bir nəticəsi olmur. Bu ilk növbədə dövlətə ciddi zərər vurur. Çünki ortalama bir şagirdə dövlət 10 ildə təxminən 9 min manat pul xərcləyir. Attestatsız qalan uşaqlara xərclənən pul batmış olur. Digər tərəfdən, cəmiyyətin üzvü olacaq bu şagird hər şeydən məhrum olur. Bu isə özlüyündə bir bəladır.

–       Problemlərin aradan qaldırılması üçün hansı təşəbbüslərə ehtiyac var?

–       Hökumət təhsil sektorunda ciddi islahatlar aparmalıdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yeni səlahiyyətlər verilməlidir. Bu qurumun səyi nəticəsində Azərbaycanda təhsilin real vəziyyəti ilə tanış olmaq mümkündür. Təhsi naziri Mikayıl Cabbarov uzun illərdir təhsil sektorunda kök salmış korrupsiyanı tam aradanm qaldırmaq gücündə deyil. Digər dövlət qurumlar bu məsələdə Mikayıl Cabbarova kömək etməlidirlər. SSRİ-dən qalma streotiplər dağıdılmalı, təhsildə Qərb standartlarına keçilməlidir.

–      Ölkədə təhsilin səviyyəsinin uğursuzlügünü yaradan amillər hansıdır?

–       Mən deyərdim ki, bütün problemlərin kökündə təhsilsizlik dayanır. Söhbət təkcə savadlı, peşəkar kadrların yetişməməsindən getmir. Savadsız gənc təhlükəli yollara düşə bilir. Radikal dini və digər cərəyanlara tez qoşulurlar, narkomaniyaya meyl edirlər. Bir sözlə, təhsilsiz insan gələcəkdə cinayətkar şəbəkələrin üzvü ola bilər. Aparılan araşdırmalar göstərir ki, cinayət törədən şəxslərin böyük əksəriyyəti təshilsizdirlər.  Ölkədəki social, siyasi, mədəni və iqtisadi problemlərin kökündə bir tərəfdən sistemsizlik dayanırsa, digər tərəfdən təhsilsizlik durur.

–       Sizcə iqtidar beynəlxalq təcrübədən niyə faydalanmır?

–       Deməzdim ki, Azərbaycan hökuməti xarici ölkələrin təhsil sistemindən tam yararlanmır. Yararlanır. Sadəcə həmin sistemi ölkədə tətbiq etmək mümkün olmur. Çünki, bayaq da qeyd etdiyim kimi, kök salmış korrupsiya istənilən yeni sistemi məhv edə bilir. Biz, xaricdən test və boloniya sistemlərini götürmüşük. Təhsil inkişaf edibmi? Bu gün azərbaycanda ali məktəbə qəbul olanların 90 faizi əlavə müəllim yanına hazırlığa gedir, ya da özəl liseylərdə təhsil alırlar. Deməli, hökumətin icbari ümumtəhsil sistemi tamamilə yenidən qurulmalıdır. Hər şeyin kökündə ümumiyyətlə korrupsiya durur, ölkədə hazırki təhsil xalq üçün tənəzzül nöqtəsi, məmurlar üçün gəlir mənbəyidir.

 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir