Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Deputat seçicilərinə “Aktiv məşğulluq” proqramından danışdı

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev fevral ayının 7-də seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə rayon ağsaqqalları Hacı Mərəfat Musayev, Nəsirağa Rzayev, Mahmud Məmmədov, Lənkəran Şəhər Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyev və seçicilər iştirak ediblər.
Görüşü açan deputat Rüfət Quliyev ilk növbədə ölkədəki ictimai-siyasi vəziyyətdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət kursunun uğurlarından bəhs edib. O, yanvar ayının 10-da möhtərəm Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin social iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı və yanvarın 30-da “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan və deputatın özünün də iştirak etdiyi konfransdakı nitqlərindən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib.
Sonra Lənkəran Şəhər Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyev “Aktiv məşğulluq” Proqramının rayonda həyata keçirilməsinin gedişi barədə məlumat verib. O, qeyd edib ki, indiyə kimi rayonda 37 nəfər bu Proqramdan bəhrələnmək üçün qeydiyyatdan keçib, təlimat alıb və yaxın vaxtlarda onlara şəxsi kiçik bizneslərini qurmaq üçün vəsait veriləcəkdir. Bu insanlar aldıqları vəsait hesabına müxtəlif fəaliyyət növü ilə məşğul olub, dövlətin güzəştli şərtlərindən istifadə edəcəklər. Onlar bu vəsait hesabına xırda və iri buynuzlu heyvanlar, quşlar alacaq, əkinçiliklə məşğul olaraq öz ailə bizneslərini quracaq və bunu gələcəkdə daha da geniş müstəvidə həyata keçirəcəklər.
Proqramın icrasının hələ ilk mərhələsi olduğunu vurğulayan direktor bu işin yüksələn xətt üzrə davam etdiyini bildirmiş və yaxın gələcəkdə yüzlərlə rayon sakininə öz biznesini qurmaq üçün zəruri şərait yaradılacağını bildirib.
Bu mövzu ətrafında çıxış edən deputat Rüfət Quliyev bildirib ki, həmişə öz çıxış və müsahibələrində xüsusilə vurğulayıb ki, “Aktiv məşğulluq” Proqramı möhtərəm Prezidentin göstərişilə həyata keçirilir, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümovun rəhbərliyi ilə uğurla reallaşır. Deputat qeyd edib ki, kiçik və orta sahibkarlıq iqtisadiyyatda lokomotiv rolunu oynamalı, Ümumi Daxili Məhsulda onun payı 50%-dən çox olmalıdır. Ölkə rəhbərliyi bu istiqamətdə intensiv iş aparır. Lənkəran rayonunda da bu sahənin inkişafı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun şəxsi nəzarətindədir və rayonda bir çox uğurlar qazanılmışdır. Bu günə kimi 37 nəfərin “Aktiv məşğulluq” Proqramına qoşulması təqdirəlayiqdir.
Amma Proqramın icrası daha sürətli aparılacaq ki, bu həm yeni iş yerlərinin açılmasına, həm də əhalinin bir çox ərzaq məhsullarına olan tələbatının ödənilməsinə köməklik göstərəcək.
Deputat növbəti görüşündə “Aktiv məşğulluq” Proqramının əhatə etdiyi şəxslərlə görüşəcəyini və bu sahənin inkişafı üçün əlindən gələn köməyi əsirgəməyəcəyini nəzərə çatdırdı.
Sonra qəbula gələn seçicilərin problemləri dinlənilib. Bir sıra təxirəsalınmaz məsələlər, o cümlədən Abuzər İsmayılovun şəxsiyyət vəsiqəsi və hərbi bilet alması, Vüsal Hüseynovun iş məsələsi yerindəcə həll olunub, həlli vaxt tələb edənlər isə nəzarətə götürülüb.
Deputat seçicilərin suallarını cavablandıraraq, onlara məsləhət və tövsiyələrini də verib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir