“İndi də oturub keçmiş günlərimi düşünəndə bədənimdən soyuq tər axır, ürəyim titrəyir…. Hər gün Allahdan özümə ölüm diləyirdim. Hər dəfə məcburən kiminsə yatağına uzananda özümə nifrət edirdim. Düşünürdüm ki, bütün bu baş verənlər məni məhv edəcək. Heç Azərbaycana qayıdacağıma da ümidim yox idi. Çünki dörd divar arasında başkəsənlərin əhatəyə aldığı bir evdən nə vaxtsa yaxa qurtaracağıma ümid belə etmirdim.
Hər gün döyülürdüm. Bir qarın ac, bir qarın tox ancaq balamı düşünürdüm… Azərbaycanda qoyub gəldiyim balamı. Qaranlıq otaqda yavan çörək yeyə səhərə kimi taxtın üzərində ağlamaqdan gözlərim ağrıyırdı. Qaçmağa, vətənə dönməyə bir imkan, bir şərait axtarırdım”. Bu ağrı-acı dolu həyat hekayəsi Şəmkir sakini, 33 yaşlı Səmaya (ad şərtidir) məxsusdur. Onun sözlərinə görə bütün xanimlar kimi o da ailə quranda xoşbəxt olacağına ümid edirdi:
“Heç vaxt təsəvvür edə bilməzdim ki, nə vaxtsa həyatımın ən gözəl və çiçəklənən çağında başıma bu qədər oyunlar gələcək. Heç iki il ailə həyatının şirinliyini dada bilmədim. Bir körpə uşaqla küçələrdə qaldım. Ərim hər gün içib gəlirdi, məni döyürdü. Məcbur olub evdən qaçdım. Bir müddət qohumların evində qalmalı oldum. Xeyli vaxt işsiz qaldım. Axirda bir təhər kafelərin birində qab yuyan düzəldim. Bir qarın ac, bir qarın tox dolanırdım. Bir gün kafeyə bir yaşlı qadın gəldi. Yaşı təxminən 55-60 olardı. Adı Roza xala (adı şərtidir) idi. O məni təsadüfən kafedə gördü. Sonra yeməkxananın sahibindən adımı və vəziyyətimi öyrənmişdi. Bundan sonra o mənim iş yerimə tez-tez gəlirdi. Hardansa öyrənmişdi ki, balaca körpəm var. Hər dəfə gələndə uşaq yeməyi, yada uşaq bezi, ya da nəsə biz şey alıb gətirirdi. Özünü çox cani yanan, mehriban göstərirdi Roza xala. Bir gün mənə bir hədiyyə alıb gətirdi. Dedi ki, lap öz qızı kimi çox istəyir məni. Mən də artıq inanmışdım ona. Söz arası mənə bildirdi ki, qonşularında bir qadın Türkiyədə dayə işləyir. Yaxşı pul qazanır. Bəlkə mən də onunla gedim Türkiyəyə işləməyə. Mən çox tərəddüd etdim. Axi mənim lap körpə balam var idi. Onu tək, kimsəsiz qapılarda qoyub gedə bilməzdim. Ona görə yox dedim. Lakin vəziyyət günü gündən ağırlaşırdı. Artıq uşağa yemək belə ala bilmirdim. Hər gecə ağlayırdım”. Bu sözləri danışanda Səma göz yaşlarını saxlaya bilmədi. Artıq danışa da bilmirdi. Ona həmin anları xatırlamaq çox ağrılı idi. Bir qədər su içdikdən sonra Səma söhbətinə davam etdi:
“Çox götürqoy edəndən sonra Roza xala ilə razılaşdım. O mənə xarici pasport düzəltməyə köməklik elədi. Mən də bir qədər borc pul götürdüm. Düşündüm ki, işləyib qaytararam. Balaca körpəmi isə ağlaya-ağlaya qohumlarından birinin yanına qoyub Roza xala ilə Türkiyəyə yola düşdüm. Bütün yolu balamı, qızcığazımı qüşünüb ağlayırdım. Axı ürəyim onunla döyünürdü. Bir tərəfdən də belə yaşaya bilmirdim. Bir təhər gəlib çıxdıq Türkiyənin Yözqat vilayətinə. Ora şəhər də demək olmazdı. Elə bil bir qəsəbə, bir aul idi. İnsanların üzünə baxanda, şəraiti görəndə çox vahimələndim. Roza xala məni bir evə apardı. Hava artıq qaralmışdı. Ora çatanda mənim sənədlərimi aldı ki, qoy işlə bağlı maraqlanım, əgər düzəlsə sənədləşdirmək lazım olacaq. Mən də artıq bu qədər yolu ona inanıb gəlmişdim. Onsuz da ondan başqa burda kimsəm yox idi. Məni qaranlıq bir otağa gətirdi. Dedi ki, otağın lampası yanıb. Səhərə kimi yat, hər şey düzələcək. Otaqda məndən başqa da qadınlar var idi. Qaranlıq olduğundan onların üzünü görə bilmədim. Mənə bir taxt kimi yer verdilər. Çox yorğun idim. Uzanan kimi yerimə yuxuya getdim. Səhər ayılanda artıq otaqda tək idim. Mənim ağrılı-acılı günlərim bundan sonra başladı. Axşama yaxın nəhayət ki, Roza xala gəlib çıxdı. Acından ölürdüm. Əlində bir az çörək, bir neçə dənə pomidor var idi. Dedi bunu ye hələlik, mən sənə iş tapa bilmirəm. Qoy görək nə olacaq. Artıq narahat olmağa başlamışdım. Mənimlə danışında səsinin tonu da dəyişmişdi. Aqresiv davranırdı mənimlə, o mülayimlikdən əsər əlamət qalmamışdı. Bir gün sonra…. ” sözü yarımçıq kəsildi. Yenə başladı ağlamağa. Göz yaşları artıq onun nə danışacağını təxmin etməyə imkan verirdi. Bir qədər toxtadıqdan sonra Səma davam elədi:
“Bağışlayın yadıma düşdükcə göz yaşlarımı saxlaya bilmirəm. Nə isə… Ertəsi gün Roza xala gəldi. Mən də çox acmışdım. İçəri girəndə gözlərində sanki ilan var idi. Ondan işlə bağlı soruşdum. Elə qışqırdı ki, qorxdum. Dedi ki, iş zad yoxdur. Guya 3 gündür işlərlə maraqlanmaqdan yorulub. Sözünün sonunda isə bildirdi ki, başqa əlac yoxdur. Gərək özümü satmaqla pul qazanmalıyam…. ” deyərək Səmanın gözləri doldu.
“O günləri xatırlamaq qədər mənə ağır heç nə yoxdur. Heç düşmənimə də arzu etmərəm. İki gün ağladım. Razı olmurdum. Səhər tezdən Roza xala yenə mənim yanıma gəldi. Artıq yemək də gətirməmişdi. Amma gözümə heç nə görünmürdü. Yenə də razı olmadım. Məni döyməyə başladı. Əvvəlcə əli ilə döydü. Sonra küçədən bir ağac gətirdi. O qədər döydü ki, ağrıdan hüşümü itirdim. Bütün bədənim göyərmişdi. İki gün ac, susuz qaldıqdan sonra, iki gecə döyüldükdən sonra başqa çıxış yolum qalmadı….. Fikirləşdim ki, əgər o dediklərini etməsəm burda mən acından və döyülməkdən öləcəm, bir də o balaca fidanımı görə bilməyəcəm. Odur ki, razılaşdım…..”
Bəs o cəhənnəmdən necə qurtuldun sualına Səma yenə göz yaşları ilə cavab verdi:
“Heç ordan qaçmaq şansının nə vaxtsa olacağına artıq ümidimi itirmişdim. Çünki, cəmiyyətlə bütün əlaqələrim kəsilmişdi. O balaca evdə yeyib, orada yatıb, orada da işləyirdim. Amma hər gün Allaha dua edib, mənə kömək etməsini istəyirdim. Bir gün bir müştəri zəng edib mənim onun evinə aparılmağımı istədi. Roza xala əvvəlcə razılaşmasa da sonra böyük pul qarşılığında biz o evə getdik. Çox gözəl və böyük malikanə idi. Roza xala evin yanında bir gözətçı qoyub, pulu aldıqdan sonra getdi. Ev yiyəsi də çox mülayim, alıcənab bir adam idi. Yaxşı süfrə açmişdı. Mən də neçə günlərdir normal yemək yemirdim. Amma stol arxasında yalnız başıma gələnləri bu kişiyə danışmaq, ondan kömək, imdad istəməkdi. Artıq başqa imkan olmayacaqdı. Bir yemək yedikdən sonra başıma gələnlərin hamısını ona danışdım. O da mənə kömək etməyə soz verdi. Sadəcə bir az dözməyi məsləhət gördü. Bir müddət sonra həmin xeyirxah insan Azərbaycanın Türkiyədəki konsulluğuna müraciət etdi və sənəd düzəltdirərək oradan qaçmağıma, vətənə, Azərbaycana, doğma balamın yanına qayıtmağıma köməklik elədi”.
“Mən yenidən həyata qayıtmağımda, mənim cəmiyyətə inteqrasiya olunmağımda, ayağa qalxıb, dirçəlməyimdə əməyi olan bütün insanlara minnətdarlığımı bildirirəm. Bu gün artıq iş də tapmışam. Qızımı böyüdürəm. Pis yaxşı dolanırıq. Ən vacibi odur ki, ürəyim rahatdır. Daha heç kimin qabağında kölə deyiləm, alçalmıram”.
Sonda Səma bütün özünü tək, əlacsız, kimsəsiz, arxasız, bacarıqsız hesab edən xanımlara səsləndi:
“Əziz xanımlar. Nə qədər ac da qalsaz, susuz da qalsaz qab yuyun, kiminsə paltarını yuyun, küçə süpürün, daş daşıyın, amma heç vaxt çox pul, asan yolla varlanmaq haqqında düşünməyin. Fikirləşin ki, hər an insan alverinin, o cəlladların qurbanına çevrilə bilərsiz. Heç kimin şirin dilinə aldanıb başqa ölkələrə getməyin. Mən başıma gələni nə qədər acı da olsa, nə qədər, çətin də olsa, nə qədər vicdan əzabi çəksəm də ona görə danişdim ki, hər kəs bunu oxuyub bir ibrət dərsi götürsün. Bilsin ki, namusla, qeyrətlə, öz ölkəsində, öz evinin içində hansı zəhmətlə olsa da qazanılan pul hər şeydən vacib və dəyərlidir. Çətinliyə sinə gərib, mübariz olmaq lazımdır. Yalnız belə olan halda siz insan alveri dəllallarının ovuna, onların köləsinə çevrilməyə bilərsiz”.
Bu insan alverinin qurbanına çevrilmiş, çox əzab, əziyyətdən sonra qurtularaq vətənə dönməyi, yenidən ayağa qalxaraq cəmiyyətə inteqrasiya etməyi bacaran bir xanımın həyatı idi. Belə qurbanların sayı dünyada çoxdur. Azərbaycanda da onların sayı az deyil. Hazırda bütün bəşəriyyəti təhdid edən ən ciddi problemlərdən və transmilli cinayətlərdən biri də insan alveridir. Dünyada silah və narkotik maddələrin alverindən sonra üçüncü ən gəlirli sahə insan alveri olduğunda transmilli cinayətin mafioz qruplar və cinayətkar şəbəkələr üçün nə qədər diqqət çəkən sahə olduğunu şərh eləməyə ehtiyac qalmır. Araşdırmalar göstərir ki, insan ticarətinin əsas qurbanları adətən bir qayda olaraq zəif və zərif məxluqlar olan qadın və uşaqlardır.
Vurğulamaq yerinə düşər ki, sövetlərdən qopub müstəqillik əldə edən respublikalarda müşahidə olunan sosial problemlər insan ticarətinin geniş vüsət almasında əsas amillərdən biri olmuşdur. Məhz müstəqillik dönəmindən sonra transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan və mahiyyət etibarı ilə hər bir ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradan insan alveri Azərbaycanda da öz izlərini göstərib. 90-cı illərin əvvəllərindən bu təhlükə Azərbaycanı da təhdid etdiyindən, 6 may 2004-cü ildə insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib, 2005-ci ildə isə Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Həmçinin, İnsan alveri Cinayət Məcəlləsinin 144-1 maddəsində ümumiləşdirilib: bu anlayış altında “şəxsin alqı-satqısı və yaxud ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə AR-nın dövlət sərhədindən keçirilməsi və ya eyni məqsədlə digər şəxsə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması və qəbul edilməsi” başa düşülür.
Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi bazanın gücləndilməsi və insan alverinə qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması məqsədi ilə əlavə qərarlar qəbul edilib. Bunun nəticəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 1 fevral tarixli, 21 nömrəli qərarı ilə “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları”ı təsdiq edilib. Ən önəmli addımlardan biri isə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planıdır. Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının, respublikanın vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədidir. Məhz bundan irəli gələrək şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması üçün 13 maddədən ibarət Milli Fəaliyyət Planı İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirlərini, İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsini, insan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyasını, İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsini, o cümlədən İnsan alveri qurbanlarının müdafiəsini özündə ehtiva edir. Həmçinin, insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmənin aparılması əsas fəaliyyətlərdən biridir.
Fərid Mehdiyev
Məqalə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində Gəncədə yerləşən media konsorsiumunun həyata keçirdiyi insan alveri ilə mübarizə layihəsi çərçivəsində dərc olunur. Məqalədə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.
Bu məqalə BMqT-nin rəsmi redaktəsi olmadan çap edilmişdir və məqalələrin mətni ilə bağlı yarana biləcək müəllif hüquqlarının pozulmasına dair hər hansı iddialara görə ABŞ Dövlət Departamenti və BMqT hər hansı məsuliyyət daşımır.