Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Cahangir Hacıyev rejimə meydan oxudu – “Lap 117 il də iş versəniz, vecimə deyil”

cahangir-haciyev-e1449316215537-300x193“Hacı Məmmədov məsələsində məndən 20 milyon pul istədilər; Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb”

“Prokurorluğun, bir də “Bandotdel”in əməkdaşlarından ibarət bığı burma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz?”

Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev məhkəmədə son sözünü deyib. O, çıxışında Bakıdan istintaq qrupunun Londona Zamirə Hacıyevanı həbs etməyə getməsi, onlara rədd cavabı verilməsi, Maliyyə naziri Samir Şərifovun 350 milyon mənimsəməsi və başqa maraqlı məsələlərdən danışıb. C.Hacıyevin son sözünü təqdim edirik:

İstəsəydim, xaricdən gəlməzdim…

Bu iş 1 il 6 aydır davam edir. Ötən il aprelin 1-də məni çağırdılar. Xaricdə olsam da qayıtdım. Dövlət ittihamçısı belə bir ifadə işlətdi ki, o zaman mən şahid qismində çağırıldığım üçün gəlmişəm. Guya gəlməyə də bilərdim. Ancaq qətiyyən belə deyil. İstənilən halda, gəlib istintaqla əməkdaşlıq edəcəkdim. Cinayət işi mayın 2-də qaldırılıb, amma hamıya məlumdur ki, bu işi başlamazdan əvvəl ən azı bir ay bunun üzərində işləyiblər. Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam. Çağırılanda gəldim və xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək etdim.

Niyə “bandotdel”ə müraciət olunub?

Cinayət işi İdarə Heyəti sədrinin birinci müavini Emin Mustafayevin məktubu əsasında başlanıb. Emin Mustafayevdən soruşmağa imkan yaratmadınız ki, axı sən nəyin əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmisən? Sənə bu, göstərişi kim verib? Nə vaxtdan mülki işlərə “Bandotdel” baxır? Ora müraciət etməyi sən müəyyən etmisən yoxsa, himayədarların.
Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir. Bütün bunlara baxmayaraq istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü.

Kreditlər məsələsi Putinin Bakıya səfərində də müzakirə olundu

Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində. Bu məsələ dövlət başçıları səviyyəsində- Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi, bankın menecmenti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı. Yaxud metallom zavodu ilə bağlı “Qazprom”la danışıqlar aparılmışdı, 2 milyard kubmetrlik qazla bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı. Metanol zavoduna qoyulan 600-700 milyon dollar da getdi. İndi soruşan lazımdır ki, niyə metallom zavodu işləmir? Və yaxud da başqa bir misal- Albaniya neftayrıma zavoduhaqda. Şirkət də tapılmışdı, amma buna da imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi.

Bütün bunlara terror deməyək, bəs adını nə qoyaq?

Cinayət işi başlanan gün – mayın 2-də Azad Cavadov həbs edildi. Bununla nəyin ki, Azərbaycanda, həmçinin qonşu ölkələrdə də misli görünməyən terror baş verdi. Bu günün özündə də 7500-8000 adama STOP qoyulub. Bir çoxlarına da 500-800 dollar kreditə görə. Biz yaratdığımız minlərlə iş yeri donduruldu. Ailə üzvlərimə qarşı da terror baş verdi. Mənim bacımın banka nə aidiyyəti var ki, ona da STOP qoyulub? Rəhmətə gedən anamın mülkiyyəti ilə bağlı sənədi niyə ASAN Xidmət və digər qurumlar təsdiq etmədi? Bütün bunlara terror deməyək, bəs adın nə qoyaq?

30 vəsatətimizin heç biri təmin olunmadı

Mən istintaqda 11 dəfə ifadə vermişəm. Bir-bir hamısını açıb göstərmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər hardadır? “Bandotdel”in ümumiyyətlə, bank sistemindən anlayışı yoxdur. Anlayışı olmayanqurum istintaqı necə apara bilər? Gördüyünüz iş göz qabağındadır. İstintaqla əməkdaşlıq etməyimə, kreditlərin qaytarılmasında köməyimə baxmayaraq heç bir əsas olmadan dekabrda həbs olundum. İstintaqdakı qanunsuzluqlardan sonra ümidimiz var idi ki, bəlkə məhkəmədə bizi eşidərlər. Əfsuslar olsun ki, burada da eşitmədilər.
30 vəsatətimizdən biri də təmin olunmadı. İstintaqda sanki bizimlə yerlərini dəyişmişdilər. Onlar ittihamı sübut etməkdən, biz günahsızlığımızı sübut edirdik. Burada elə adamlar var ki, onları həyatımda 1-2 dəfə görmüşəm. Hansı mütəşəkkil dəstədən söhbət gedir? Nə istintaq, nə də məhkəmə özünə zəhmət verib, həqiqəti araşdırmaq istəmədi. Azad Cavadovun evinə iki ay sonra silah atdıqları kimi, heç olmasa, mənim də üzümə bir adam gətirib qoyardılar. Kreditlərə gəlincə isə, Moskvada törəməbankın işçilərindən soruşmaq lazım idi ki, bu vəsaitlər hara gedib? Ailə üzvlərimə və mənə aid kartlardan xərcləmələri prokuror bəh-bəhlə sadaladı. Əvvəla, kimin hansı gözəlllik salonuna, təyyarəyə pul xərclədiyini sadalamaq nə qədər etikdir? İkincisi də ki, həmin kreditlər çoxdan ödənilib. Mənə ittiham olaraq verilən 47 milyonu təyyarə biletlərinə, gözəllik salonlarına xərcləmək fiziki olaraq mümkün deyil. Onda gərək sutkanın 24 yox, 25 saatını təyyarədə uçasan.

Usubov və Qaralov “bandotdel”də…

Bir daha bildirirəm ki, verilən kreditlər kredit kartlarından nağd şəkildə çıxarılıb və səhimlər alınıb. Prokuror da Samir Şərifovun dediklərini təkrarlayır və deyir ki, bu bir cibdən o biri cibə qoyulmadır. Kimin cibinə qoyulub? Cahangir Hacıyevin? Bankın cibinə qoyulub da. 2015-ci il dekabrın 6-da “Bandotdel”də Ramil Usubov, Zakir Qaralov və Azər Bayramovun (Maliyyə nazirinin müavini) iştirakı ilə bu məsələ müzakirə olundu. Azər Bayramov orda da dedi ki, bu qədər vəsait səhimlərin alınmasına gedib. Niyə imkan vermədiniz ki, həmin adama bu barədə bir-bir sual verək?
Bunu yoxlasaydınız görərdiniz. O, zaman Vergilər Nazirliyi tərəfindən bu işlə bağlı 80-dən artıq cinayət işi başlanmışdı. Onlar daha peşəkar işləmişdilər. Gərək həmin işlərə baxsaydınız, görərdiniz ki, vəsaitlər hara gedib.

Mənə 117 il də versəniz, vecimə deyil…

Bu cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Juranalistlər Bakıda oturub internet vasitəsi ilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər.

Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi, onu qiymətləndirdilər

Prokurorluğun, bir də “Bandotdel”in əməkdaşlarından ibarət bığı burma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində bu cür yollarla məndən 20 milyon pul istəmişdilər. Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi, onu qiymətləndirdilər. Maliyyə Nazirlyinin qeyri-rəsmi sözçüsü olan “haqqın.az” mənim milyardalarımdan, təyyarələrimdən yazır. Hardadır mənim təyyarələrim? Tapa bildiniz? “Qarlı aşırım”da yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm. “Kişinin heyfini qadından almazlar”. Apardığınız sənədləri özünüzə qaytarıblar. Nə “İnterpol”u, nə də Britaniya qurumlarını qane elədi. Kor-peşman qaytıdınız. 2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar. Ancaq heç nəyə nail olmadılar. Təkcə 2014-cü ildə Beynəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı. Bəhanə edirlər ki, xaricdən cəlbetmələr bahadır və ona görə də neft fondundan da 1 milyard alıblar. Mənim rəhbərlik etdiyim dövrdə nəinki mənim, hətta işçilərimin bir sözü ilə bir günə 100-200 milyon xaricdən vəsait cəlb edə bilirdik. Görün etibarı necə itiriblər ki, xarici banklar bunlara pul vermir. Məcbur olub neft fondundan götürüblər. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının bank sisteminə əlçatımlılığı var idi. Əgər hansısa bir pozuntu var idisə, niyə üzə çıxarmırdılar? Bu günlərdə “BankStandart”ın lisenziyası ləğv olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək də.

Bizim gördüyümüz işləri öz adlarına çıxırlar

Prokuror çıxışında dedi ki, mənim daxilən səhvimi etiraf etdiyimi düşünür. Mən nə daxilən, nə də zahirən heyfislənmirəm. Əksinə fəxr edirıəm ki, minlərlə iş yeri yaratmışam. Yüzminlərlə adama çörək vermişəm. “Aqararkredit” prezidentə aparıb müəyyən müəssisələri təqdim edir. Yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı kimi. Halbuki həmin işləri biz görmüşük. Məsələn, Xaçmazda 5 min hektar fındıq bağlarını prezidentə məruzə edirsiniz. Halbuki, həmin əraziləri siz yox, Azad Cavadov yaradıb. Tütünçülük, pambıqçılıq – ümumiyyətlə iqtisadiyyatın qeyri-neft sektorunun 50 faizini biz yaratmışıq. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2 həftə ərzində Rusiyada törəmə bankı açdıq. Rusiyanın 1300 bankı var idi. Bizim bank qısa müddətdə ilk yüzlükdə idi. Bu gün Rusiyada kriminalları cəlb edir, ona-buna yalvarırsınız ki, kreditləri qaytarasınız. Sankt-Pterburqda çirkli pulların yuyulması ilə bağlı cinayət işi başlanıb. Budur sizin əldə etdiyiniz nəticə. Ürəyimdə çox şey var. Çox da danışa bilərəm. Yaddan çıxarmayın ki, bu günün sabahı da var.

Bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər

Britaniya vətəndaşı var, hətta bir müddət həbs də etmişdilər. Nədir ki, bura sərmayə qoyub. “İnter”in prezidenti Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burda niyə saxlayıblar?
Biz həm istintaqla əməkdaşlıq etdik, həm də cinayətin harda olduğunu göstərdik. Siz araşdırmadınız. Deyəcəksiniz ki, bu məsələnin sənə aidiyyəti yoxdur, amma birbaşa aidiyyəti var. Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb. Buna cinayət deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə Bülənt Karanı gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz. Məhkəmədən xahiş etmirəm, tövssiyyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir