Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qadın sahibkarların pul dərdi: çıxış yolları Bakıda müzakirə olundu


Dünən – 3 iyulda Bakıda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə “Qadınların borclanma və lizinq məhsulları ilə təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib. Burada bir sıra dövlət qurumlarının təmsilçiləri, bankların nümayəndələri, beynəlzalq və yer təşkilatları ekspertləri iştirak edib.

Tədbirin açılışında fondun prezidenti Sabit Bağırov deyib ki, tədbir Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Kiçik sahibkarlığın inkişafı” layihəsi çərçivəsində keçirilir. O, bildirib ki, hazırda layihə ikinci mərhələsindədir və bu mərhələdə əsasən qadın sahibkarlığının inkişafı ilə bağlı işlər görülür. “400 qadın üçün sahibkarlığın əsasları ilə bağlı təlimlər keçirilib, 3 sahə – arıçılıq, dərzilik, quru meyvələrin istehsalı – üzrə peşə təlimləri keçirilməkdədir. Bu yaxınlarda 20 qadın arıçılıq üzrə Qaxda peşə təlimi keçdi, onlar bu sahədə yaxın zamanda fəaliyyətə başlayacaqlar. Dərzilik üzrə təlim isə Qubada keçirilməkdədir və 16 qadın bu təlimlərə cəlb olunub. Quru meyvə isithsalı üzrə isə təlimlər bu ay başlayacaq”, – deyə Sabit Bağırov qeyd edib.

Onun sözlərinə görə, lahiyə çərçivəsində ən azı 50 qadın təşəbbüsünə dəstək olunacaq: “Hazırda biznes planlar nəzərdən keçirilir. Bunu üçün xüsusi komissiya yaradılıb. İndiyə kimi 265 biznes plan təqdim olunub ki, ilkin mərhələdə onlardan 105-i seçilib. Növbəti mərhələdə bunlarda azı 50-si seçiləcək və həmin biznes planların müəllifləri olan xanımlara müvafiq biznesin yaradılmasında yardım olacaq. Hər bir yardım ediləcək qadına mentor təyin olunacaq. İstəyimiz odur ki, yardım edəcəklərimizin azı 75 faizi dayanıqlı biznes qursunlar”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Qadınların borclanma və lizinq məhsulları ilə təmin edilməsi üzrə maliyyə institutlarının fəaliyyətinin analizi” mövzusunda təqdimat edib. Samir Əliyev bildirib ki, rəsmi statistik məlumatlarda, o cümlədən Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq, rüblük və illik statistik bülletenlərində kredit resurslarına əlçatanlığın gender təhlili verilmir: “Bu hesabatlar kredit resurslarının sahələr üzrə və valyuta tərkibi əsasında bölüşdürülməsinə dair ümumi məlumatlarla məhdudlaşır. Ümumi kredit qoyuluşunda qadınların, o cümlədən qadın sahibkarların payı barədə müfəssəl məlumat əldə etmək mümkün deyil. Sahibkarların kredit resurslarına əlçatanlılığının aşağı olması deməyə əsas verir ki, qadın sahibkarlarda da analoji vəziyyətdir və hətta daha çətindir”.

Ancaq Samir Əliyev əlavə edib ki, dövlət xətti ilə ayrılan güzəştli kreditlərin gender bölgüsünü ümumi də olsa əldə edib qiymətləndirmək mümkündür: “Dövlət vəsaitləri hesabına sahibkarlara güzəştli kredit verən Sahibkarlığın İnkişafı Fondunun xətti ilə hər il qadın sahibkarla maliyyə dəstəyi verilir. 2012-2017-ci illərdə Fond vasitəsilə ölkə sahibkarlarına ümumilikdə 1371,9 milyon manat ayrılıb ki, bunun da 61,3 milyon manatı və ya 4,5%-i qadın sahibkarların payına düşüb. Fond qadın sahibkarlara 2012-ci ildə 3,6 milyon manat, 2013-cü ildə 9,3 milyon manat, 2014-cü ildə 9,3 milyon manat, 2015-ci ildə 22,1 milyon manat, 2016-cı ildə 10,4 milyon manat, 2017-ci ildə isə 6,6 milyon manat məbləğində kredit verib”.

 Samir Əliyevin müəllifi olduğu tədqiqatda isə qeyd olunur ki, son 6 ildə güzəştli kreditləşmədə qadın sahibkarların kreditləşməsinin payı 9%-dən çox olmayıb: “Qadın sahibkarların ümumi kreditləşmədəki payı 2012-ci ildəki 1,7%-dən 2015-ci ildəki 8,9%-ə yüksəlsə də sonrakı illərdə azalaraq 2016-cı ildə 5,5%-ə, 2017-cı ildə isə 4,5%-ə düşüb”.

Tədqiqata görə, kreditlərdən fərqli olaraq güzəştli vəsaitdən yararlanan qadın sahibkarların sayı nisbətən çox olub. Aşağıdakı qrafikdən görünür ki, ümumi sahibkarlarda qadınların payı 2012-ci ildə 7,8% olduğu halda 2017-ci ildə 14,3%-ə qədər yüksəlib.

Qrafik 1. Dövlətin güzəştli kreditlərindən yararlanan qadın sahibkarların və onların aldıqları kreditlərin payı, faizlə

Mənbə: www.anfes.az

Sözügedən tədqiqatda qeyd olunur ki, ümumilikdə Fond tərəfindən indiyədək 4200-dək qadın sahibkara 104 milyon manatadək güzəştli kredit verilib.

Lizinqdən istifadə yox səviyyəsindədir

Vəziyyəti dəyərləndirmək üçün tədqiqat qrupu ilk olaraq Bakı şəhəri və ölkənin 3 müxtəlif iqtisadi regionunda (Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax) fəaliyyət göstərən 15 nəfər sahibkar-qadından müsahibələr götürüb. İştirakçıların 11 nəfəri qeyd edib ki, fəaliyyətləri dövründə müntəzəm olaraq maliyyə resurslarına ehtiyacları olub və borc vəsaitərindən istifadə ediblər. Onlardan 4 nəfəri fəaliyyətlərinin xarakteri (məsələn, əl işlərinin və bəzək əşyalarının hazırlanması, turizm) ilə bağlı maliyyə resurslarına ehtiyac böyük olmur və bir qayda olaraq şəxsi imkanları hesabına ehtiyaclarını qarşılaya bilirlər.

Müsahibələrin analizi göstərib ki, qadınlar borc vəsaiti kimi əsasən kreditlərdən istifadə edir və lizinq onların yararlandığı borc alətləri sırasında yer almır. Müsahiblərdən yalnız 1 nəfəri fəaliyyəti dövründə lizinq xidmətindən  bəhərələndiyini və lizinqlə yük avtomobili götürdüyünü bildirib. Qadın-sahibkarlar, xüsusilə aqrar sektordan kənar sahələrdə çalışan iş adamları lizinqə maraq göstərməməsini maliyyə bazarının bu seqmentinin zəif inkişaf etməsi ilə əsaslandırıblar. Onların fikrincə, lizinq şirkətləri sahibkarların ehtiyac duyduğu zəruri avadanlıqlar təklif etməkdə çətinlik çəkirlər. Müsahiblər təklif edir ki, biznes üçün lizinq xidmətlərinin şərtləri də sadələşdirilməli, aqrar sektor da olduğu kimi iqitsadiyyatın digər sahələrində çalışan iş adamları da daha uzun müddətə, güzəştli faizlərlə və dövlətin dəstəyi əsasında zəruri texnika və aadanlıq əldə etmək imkanına malik olmalıdırlar.  Samir Əliyev deyir ki, daha bir ciddi problem odur ki, lizinq şirkətləri (kəndə təsərrüfatı texnikası üzrə ixtisaslaşmış “Aqrolizinq” ASC istisna olmaqla) hamısı Bakı şəhərində yerləşir, onların bölgələrdə strukturları yoxdur, internet üzərindən fəaliyyətləri ilə bağlı yaydıqları məlumatı ətraflı deyil, operativ və daimi yenilənən olmur.

Yeri gəlmişkən, qadın sahibkarların kredit resurslarına və lizinq xidmətlərinə əlçatanlığını qiymətləndirmək üçün 2018-ci ildə “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin “Qadın sahibkarlığı” komponenti çərçivəsində Azərbaycan ərazisində 500 qadın kiçik sahibkarlıq subyekti arasında üzbəüz rəy sorğusu anketinə xüsusi suallar salınmışdır. Sorğu Bakı şəhəri və ölkənin 7 iqtisadi rayonunu əhatə edib. Sorğuda iştirak edən qadınlar sahibkarlıq fəaliyyətinə başladıqları zamanı hansı problemlə üzləşdikləri ilə bağlı suala cavabında ikinci əsas problem kimi maliyyə çatışmazlığını qeyd ediblər.

Ya banka, ya da dost-tanışa üz tuturlar

Sorğu nəticələrindən məlum olur ki, respondentlərin 84,6%-i biznesi üçün maliyyə vəsaiti tələb olunanda bir qayda olaraq banklara üz tuturlar. Rəyi soruşulanların 13,8%-i maliyyə üçün dost-tanışa müraciət etdikləri halda, cəmi 1,6%-i öz imkanları hesabına həll etməyə üstünlük verirlər.

Qadın sahibkarların kredit resurslarına əlçatanlığını qiymətləndirmək üçün Sorğuya bankların şərtlərinin onları nə dərəcədə qane etmələri barədə də sual daxil edilib. Cavab variantlarından aydın olur ki, respondentləri qane etməyən əsas şərt kreditlərin illik faiz dərəcələrinin yüksək olmasıdır (71,2%). Bundan başqa sorğuda iştirak edən qadın sahibkarların 15,4%-i sərt şərt qismində zaminliyin tələb olunmasını (15,4%) və çoxlu sənədlərin tələb olunmasını (8,5%) qeyd ediblər. 

Qadın sahibkarların dövlətin güzəştli maliyyələşmə mexanzmindən istifadə səviyyəsi qiymətləndirmək üçün Sahibkarlığın İnkişafı Fonduna (SİF) kredit üçün müraciət etməklə bağlı sual verilib. Cavablardan aydın olur ki, respondentlərin cəmisi 1,2%-i Fonda müraciət edib. Rəyi soruşulanların 62,8%-i Fonda müraciət etmədiyini, 36%-i isə belə qurumun varlığından ümumiyyətlə xəbərsiz olduqlarını bildiriblər.

SİF-ə müraciət edənlər üzləşdikləri çətinliklər qismində sənədləşmənin çətinliyi (83,3%) və tələb olunan qədər vəsait ala bilmədiklərini (16,7%) göstəriblər.

Banklardan kredit alarkən çəkilən qeyri-rəsmi xərclərin miqyasını müəyyənləşdirmək üçün respondentlərin rəyi öyrənilib. Cavab variantlarından məlum olur ki, alınan kredit vəsaiti məbləğinin müəyyən hissəsini qeyri-rəsmi ödənişlərə gedir.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva öz çıxışında bildirib ki, qadınların sahibkarlıqla məşğul olmasına heç bir məhdudiyyət yoxdur. “Son məlumatlara əsasən Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 186 minə yaxındır ki, onlardam 32 faizə yaxını Bakıda, 17 faizə yaxını Aranda, 16 faizi Gəncə-Qazax, 10 faizə yaxını isə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərirlər. Qalanları isə digər regionlarda fəaliyyət göstərirlər.”

Ulduz Babayeva əlavə edib ki, sahibkarlıqla bağlı qaydalar liberallaşdırılıb. O, vurğulayıb ki, qadın sahibkarlığı ilə bağlı kreditləşmədə mexanizmlər elə formalaşdırımalıdr ki, sui-istifadəyə yol verilməsin.

Rabitə bankın nümayəndəsi Elvin Tahirov isə deyir ki, təmsil etdiyi qurumda qadınlara xüsusi proqram yaradılıb ki, onlar ucuz maliyyə ilə işlərini qursunlar: “Bankımızın nümayəndələri Azərbaycanın qərb bölgəsində Gəncə, Şəmkir, Tovuz və Akstafada görüşlər keçirdilər. Belə nəticəyə gəldik ki, əsas problemlərdən biri maliyyə savadlılığı ilə bağlıdır. Artıq qərar verilib, qadınlara yönəlik proqramımız uzunmüddətli olacaq”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nigar Əhmədova isə deyib ki, bu ilin ilk 6 ayı ərzində aqrar sektorda çalışan 9 qadına 393.5 min manat güzəştli kreditlər verilib: “Eyni zamanda 10 nəfər qadına 45.8 min manat kənd təsərrüfatı texnikasının alınmasına və 28.6 min manat məbləğində subsidiya verilib”.

O eyni zamanda bildirib ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə həyata keçirdiyi layihə çərçivəsində 2018-ci ildən indiyədək 361 qadını özündə birləşdirən, 10-20 qadından ibarət 30 Qadın İnkişaf Qrupu yaradılıb, onlara 39 min manat maliyyə dəstəyi göstərilməsi nəticəsində isə 100 yeni və daimi iş yeri yaradılıb.

Azərbaycan Mikromaliyyə Asossisiyasının direktoru Jalə hacıyeva qeyd edib ki, problemlərdən biri banklarda kredir mütəxəssislərinin əsasən kişi işçiləri olmasıdır: “Qadınlar kişi mütəxəssisləri ilə söhbətdə özlərini rahat hiss etmirlər. Biz 15 il bundan öncə layihə həyata keçirdik və təklif etdik kredit mütəxəssisləri həm də qadınlardan olsun. ”

O, həmçinin əlavə edib ki, xüsusilə regionlarda olan qadın sahibkarlarının uğurları barədə mediada məlumatlar verilməlidir.

Tədbir ekspert və dövlət qurmlarının müzakirəsi ilə davam edib. Sonda müvafiq dövlət qurumlarına təqdim olunmaq üçün bir sıra tövsiyələr müzakirə edilib:

Borclanmaya imkanlarının artırılması istiqamətində:

  • Gender aspektlərini əks etdirən maliyyə inkluzivliyi üzrə diaqnostika və strategiyanın işlənməsi. Effektiv strategiya kiçik və orta sahibkarlıqda, o cümlədən maliyyə resurslarına çıxışda gender bərabərsizliyini aradan qaldırmağa yönəlik hərtərəfli diaqnostikaya əsaslanmalıdır.
  • Gender bərabərliyini təmin etmək üçün əlverişli hüquqi və normativ mühitin işlənməsi
  • KOS-ların, o cümlədən qadın sahibkarlarının məhkəmə sisteminə çıxışının gücləndirilməsi və mübahisələrin həllinin alternativ mexanizmlərinin tətbiqi
  • Qadın sahibkarlarına xidmətin yaxşılaşdırılması üçün maliyyə institutlarının potensialının gücləndirilməsi
  • Təhsil və peşə təlimləri vasitəsilə qadın sahibkarlığında insan kapitalının gücləndirilməsi
  • Qadın sahibkarlara məxsus müəssisələrdən, xüsusən də KOS-ların istehsalı olan malları və xidmətlər üzrə dövlət satınalmalarının artırılması üçün konkret məqsədlərin və stimulların tətbiqi
  • Qadın sahibkarların biznesi və maliyyəyə çıxışı barədə gender əssaslı etibarlı və davamlı məlumat bazasının yaradılması
  • Qadın sahibkarların maliyyəyə çıxışını artırmaq üçün banklar və digər kredit instituları tərəfindən qadın sahibkarların ayrıca müştəri qrupuna daxil edilməsi, onları güzəştli şərtlərlə kredit resurları ilə təmin etmək.

Azərbaycanda lizinq xidmətləri bazarının inkişafı üçün::

  • Lizinq xidmətləri bazarının inkişafına yönəlik xüsusi dəstəkləyici siyasətin (strategiya və ya proqramın) işlənilməsi və tətbiqi;
  • Lizinq xidmətləri haqqında xüsusi qanunun qəbul edilməsi;
  • Ölkədə lizinqin inkişafına və bu sahənin tənzimlənməsi məsələlərinə məsul dövlət qurumunun müəyyən edilməsi;
  • Lizinq xidməti göstərən qurumların fəaliyyətinin tənzilənməsi üçün zəruri olan normativ bazanın (lizinq şirkətlərinin nizamnamə kapitalının minimum həddi, kapitallaşma səviyyəsi, lizinq portfelinin strukturu, risklərin qiymətləndirilməsi və s. kimi) hazırlanması;
  • Lizinq şirkətlərinin risklərinin sığortalanması və təkrar sığortalanması mexanizmlərinin işlənilməsi;
  • Xarici lizinq şirkətləri ilə əlaqələrin genişləndirilməsi mexanzimlərinin işlənilməsi;
  • Lizinq şirkətlərinin fəaliyyətinə vergi güzəştlərinin və başqa növ məqsədli preferensiyaların tətbiqi;
  • Lizinq xidmətlərinin əhəmiyyətinin tanıdılması və təbliği istiqamətində KİV-lərdə və sosial mediada maarifləndirici fəaliyyətin təşkili və s..

Qadın-sahibkarların lizinq xidmətlərinə əlçatanlığının artırılması istiqamətində:

  • Lizinq şirkətləri ilə gender-əsaslı xidmət siyasətinin təşkili sahəsində müzakirələrin təşkili və müvafiq övsiyələrin hazırlanması;
  • Lizinq şirkətlərinə gender-əsaslı xidmət siyasətinin qurulması sahəsində metodoloji və texniki yardımın göstərilməsi;
  • Lizinq şirkətlərinə qadın-sahibkarlara lizinq xidmətlərinin təqdim edilməsi üzrə kvotalaırn müəyyən edilməsi və onlara daha uzunmüddətli və güzəştli şərtlərin tətbiq edilməsi ilə bağlı tövsiyələrin edilməsi.

Tədbir iştirakçılarının sonda sölədikləri rəyə görə tədbir çox maraqlı və faydalı olmuşdur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir