Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İlham Əliyev prezidentlik müddətini artırır

ilham eliyevPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilib.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi dərc edilsin

Prezidentə 35 yaş tələbi qalxır…

Diqqət çəkən təkliflərdən biri prezidentliyə namizədlərə yaş tələbi ilə bağlıdır. Konstitusiyaya görə, prezidentliyə namizədlərin yaşı otuz beşdən aşağı olmamalı, Azərbaycanda 10 ildən artıq

daimi yaşamalı və sair tələblər vardı. Yaş tələbinin Konstitusiyadan çıxarılması təklif edilir.

Prezidentlik müddəti – 7 il

Konstitusiyaya görə, prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Referendum aktı layihəsində prezidentlik müddətinin 7 ilə qaldırılması təklif edilir.

Birinci vitse-prezident, vitse-prezidentlər…

Referendum aktı layihəsində Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması təklif edilir. Layihəyə görə, birinci vitse-prezident və vitse-prezidentləri prezident vəzifəyə təyin və vəzifədən azad edir.

“Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” – deyə əlavədə oxuyuruq.

Prezident vəzifədən getdikdə onun səlahiyyətləri…

Diqqət çəkən dəyişiklik təkliflərindən biri də prezident vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası ilə bağlıdır. Belə durumlarda ölkə başçısının səlahiyyətlərinin birinci vitse-prezidentə, o olmadıqda vitse-prezidentə, daha sonra ardıcıllıqla baş nazirə, Milli Məclisin sədrinə keçməsi təklif edilir.

Hazırkı Konstitusiyaya görə, prezident olmadıqda onun səlahiyyətləri baş nazirə verilir.

Buna qədər ölkə Konstitusiyasına iki dəfə dəyişiklik edilib.

Konstitusiyaya ilk dəyişiklik 24 avqust 2002-ci ildə, son dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə həyata keçirilib.

2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.

14 il əvvəl ekspertlərin fikrincə əsas dəyişiklik ölkədə prezidentdən sonra ikinci şəxsin baş nazir müəyyən edilməsi və proporsional seçki sisteminin ləğvi olub. Həmin dövrə qədər ölkənin ikinci şəxsi parlamentin başçısı hesab edilirdi. Yəni, prezident səlahiyyətlərini icra edə bilmirdisə onu parlament başçısı əvəz etməli idi.

7 il əvvəl isə Konstitusiyaya edilən dəyişiklik prezidentin ömürlük seçilməsinə imkan yaradıb. Halbuki, buna qədər Azərbaycanda da prezident bir çox ölkələrdə olduğu kimi yalnız iki dəfə seçilə bilərdi.

Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir