Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Emin Aslan “bandotdel”də başına gələnləri danışdı

“Məni “bandotdel”də əsasən “Meydan TV”, Amerikada təhsil almağım barədə sorğu-sual etdilər”, – bunu gənc fəal Emin Aslan iyunun 8-də Bakı Apellyasiya Məhkəməsində 30 günlük inzibati həbsi haqda qərardan verilmiş şikayətə baxılarkən deyib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarında onun iyunun 5-də Nərimanov parkında söyüş söydüyü və bu səbəbdən saxlandığı yazılsa da, bu yalandır:

“Mən ayın 4-də saxlanmışam. Nişanlanacağım xanımla birlikdə “Park Bulvar”ın qarşısında olarkən dörd nəfər mülki geyimli yaxınlaşdı, onlarla birlikdə getməyimi tələb etdilər. Mən də heç bir müqavimət göstərmədən razılaşıb getdim. Məni “bandotdel”ə apardılar. Bir qədər sonra bir nəfərin yanına apardılar, niyə Amerikada oxumağım, kimin dəstək verməsi, Meydan TV ilə əlaqələrim barədə soruşdular. Dedim ki, əvvəllər ora köşə yazıları yazmışam, iki ildir heç bir əlaqəm yoxdur. Soruşdular ki, oradan kimləri tanıyıram, nə qədər maaş alırlar, Emin Milli barədə suallar verdilər”.

Emin Aslanovun sözlərinə görə, bir gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisində saxlandıqdan sonra onu Nərimanov Rayon Məhkəməsinə aparıblar. Ondan öncə isə ona idarədə inzibati xətaya yol verməsi barədə izahat yazdırıldığını vurğulayıb:

“Mənə işgəncə verilməyib, amma öncədən mətbuatdan oradakı ab-hava barədə oxuduqlarımdan bilirdim ki, müqavimət göstərmək mənasızdır, ona görə nə dedilərsə, yazdım. Hətta Nərimanov məhkəməsinin qərarından sonra əməkdaşlardan biri dedi ki, “sən cek-pot uddun, başqa cür ola bilərdi”.

Vəkil Elçin Sadıqov isə apellyasiya şikayətini müdafiə edərək, Nərimanov Rayon Məhkəməsinin qərarının ləğvini, Emin Aslanovu saxlayan polis əməkdaşları barədə tədbir görülməsindən ötrü xüsusi qərar çıxarılmasını istəyib:

“Bu qərarda adı olan polis əməkdaşı Şahlar Cəfərov fevral ayında tamamilə eyni ssenari ilə Səbuhi Zeynalov haqqında protokol hazırlayıb. Guya o da Nərimanov parkında söyüş söyüb və sair. Eyni protokoldu, adlar dəyişib. Görünür yeni ssenari düşünə bilmirlər”.

Səbuhi Zeynalov bloqqer Orduxan Temirxanın qohumudur. Vəkil apellyasiya şikayətinə səkkiz vəsatət əlavə edib. O bildirib ki, onlar təmin olunsa, istədikləri şahidlər dindirilsə, Emin Aslanovun haqqındakı məhkəmə qərarında yazılanların yalan olduğu üzə çıxacaq.

Lakin hakim Namiq Məmmədov nə vəsatətləri təmin edib, nə də apellyasiya şikayətini. Məhkəmə qərarında yalnız saxlanma vaxtı ilə bağlı bir saatlıq dəyişiklik olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir